"İlqar Məmmədovu buraxmasalar, Azərbaycan Avropa Şurasından çıxarıla bilər" - Azər Qasımlı

"İlqar Məmmədovu buraxmasalar, Azərbaycan Avropa Şurasından çıxarıla bilər" - Azər Qasımlı Foto: sosial media
24 Oktyabr 2017
Mətni dəyiş

Oktyabrın 25-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) İlqar Məmmədovla bağlı hökmünün icra olunmaması məsələsini müzakirə edəcək.

Bu ərəfədə Bakıda gözləntilər belədir: ya Azərbaycan hakimiyyəti REAL sədri, İsmayıllıda iğtişaş törətməkdə suçlanaraq 7 il azadlıqdan məhrum edilən İlqar Məmmədovu azadlığa buraxacaq, ya da... Avropa Şurasından uzaqlaşdırılacaq.

REAL sədrinin sözçüsü Azər Qasımlı deyir:

"Gözləntimiz odur ki, minimum 31 ölkə Nazirlər Komitəsinin daha əvvəl verdiyi qərarı təsdiqləyəcək. Və Azərbaycanın Avropa Şurasından çıxarılmasıyla bağlı Avropa İnsan Haqları Məhkəməsinə sorğu göndəriləcək. Təbii ki, İ.Məmmədov oktyabrın 25-dək azad edilməyəcəksə".

"Söhbət qurumun imicindən gedir"

A.Qasımlı hesab edir ki, İ.Məmmədov azadlığa buraxılmayacağı halda Azərbaycanın qurumdan uzaqlaşdırılması məsələsi gündəmə gələcək. Onun fikrincə, Avropa Şurası bu dəfə mövqeyindən geri çəkilməyəcək, çünki söhbət qurumun imicindən gedir. Amma bunu da qeyd edir ki, hər şey səsvermənin nəticəsindən asılı olacaq.

"Məsələnin bu tərəfi də var. Biz də ümid edirik ki, Avropa Şurası axıradək sözünün üstündə duracaq", – Qasımlı bildirir.

AzadlıqRadiosu bununla bağlı Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov "Mən indi heç nə deyə bilmərəm. Məsələyə müəyyən edilmiş qaydada baxılacaq" söyləyib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rövşən Rzayev də hakimiyyətin bu məsələylə bağlı mövqeyindən, hansı addım atacağından məlumatsız olduğunu deyib, o, nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla danışmağı məsləhət görüb. Azadlıq Radiosu son iki gündə cənab Seyidova gün ərzində dəfələrlə zəng vursa da, cavab almaq mümkün olmayıb.

Rəsmilər nə deyir

Oktyabrın 23-də prezidentin köməkçisi Novruz Məmmədov Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə toxunub. APA-nın məlumatına görə, Məmmədov deyib ki, AŞPA-da da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir.

"Məsələ Azərbaycanın bu qurumdan çıxarılması formasında da qoyula bilməz", – deyə prezidentin köməkçisi əlavə edib.

Onun qənaətincə, Avropa Şurası bəzi qurumların əlində alətə çevrilib.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovsa bir qədər öncə demişdi:

"Avropada kimlərsə xüsusi maraqlıdırlarsa ki, filankəslər buraxılmalıdır, bu, yanlış variantdır. Bizimlə göstərişlə, vaxt qoymaqla danışmaq olmaz. Biz Avropa Məhkəməsinin qərarlarını icra edirik, müəyyən etdikləri miqdarda hətta təzminat da ödəyirik".

Avropa Şurası Parlament Assambleyası bürosu hələ oktyabrın 13-də AİHM-i Azərbaycanın sözügedən məhkəmənin qərarını yerinə yetirib-yetirmədiyi məsələsi ilə bağlı mümkün qədər tez rəy verməyə çağırmışdı.

Bu məsələ Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən tənzimlənir. Həmin maddəyə görə, ölkənin İ.Məmmədovun işiylə bağlı AİHM-in yekun qərarını yerinə yetirməkdən imtina etdiyi müəyyənləşərsə, iş tədbir görülməsindən ötrü Nazirlər Komitəsinə göndərilir.

Beynəlxalq qurumlar, Avropa Şurasının səlahiyyətliləri dəfələrlə İ.Məmmədovun azadlığa buraxılmasına çağırıblar.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Bu qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Avropa Şurasının baş katibi Torbörn Yaqland AİHM qərarına rəğmən, onun azadlığa buraxılmamasına görə Azərbaycana qarşı "misli görünməmiş" hüquqi hərəkət edilməsinə çağırıb.

Sentyabrın 21-də isə Avropa Şurasının Nazirlər Komitəsi İ.Məmmədovla bağlı AİHM-in hökmünün icrasına dair qərar çıxarıb. Deputatlar Katibliyə tapşırıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsini AHİM qarısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun