Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.
Azbas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stephane Visconti-ni, Rusiyadan olan həmsədri İqor Popov-u, ABŞ-dan olan yeni həmsədri Andrew Schofer-i və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspshik-i qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparılıb.
Sonra ölkə prezidenti ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Andrew Schofer-i qəbul edib.
Andrew Schofer-ə fəaliyyətində uğurlar arzulayan İlham Əliyev ABŞ-dan olan əvvəlki həmsədrlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində digər həmsədrlərlə birgə səylərini əsirgəmədiklərini bildirərək münaqişənin həllinə indiyədək nail olunmadığını qeyd edib və deyib ki, buna səbəb Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamağa çalışması, işğal olunmuş torpaqlardan çıxmaması və Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymamasıdır. Hazırda danışıqlar prosesinin bərpa olunduğunu deyən prezident İlham Əliyev beynəlxalq hüququn normalarına əsaslanan ədalətli həll yolunun tapılması istiqamətində konstruktiv işlər görüldüyünü qeyd edib, Azərbaycanın bu münaqişənin tezliklə həllində maraqlı olduğunu bildirib.
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Andrew Schofer Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trump-ın və Dövlət Departamentinin rəhbərliyinin salamlarını İlham Əliyevə çatdırıb. Andrew Schofer vurğulayıb ki, İlham Əliyevin də qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir və buna görə də münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həlli istiqamətində aparılan prosesdə səylərini əsirgəməyəcəklər.
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump-ın və Dövlət Departamentinin rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Amerika Birləşmiş Ştatlarının prezidentinə və Dövlət Departamentinin rəhbərliyinə çatdırmağı xahiş edib.