"Futbol+" qəzetinin reportyoru Şəfi Şəfiyev oktyabrın 19-da Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) çağırılıb.
Abzas.net xəbər verir ki, bu barədə jurnalist özü bildirib. Onun sözlərinə görə, idarədə söhbət olana kimi çağırılmasının səbəbi ona dəqiq məlum olmayıb.
"Təxmin edirdim, amma əmin deyildim ki, buna görə idarəyə çağırarlar. Söhbət 2003-cü il oktyabrın 15-16-da baş vermiş hadisələrlə bağlı foto-videoların sosial şəbəkədə paylaşılmasından gedir. İdarəyə çağırışla bağlı jurnaist dostlarıma bildirdim, habelə, vəkilə xəbər verdim" deyə reportyor bildirib.
Ş.Şəfiyev deyir ki, bu gün səhər vəkil Elçin Sadıqovla idarəyə gedib, amma vəkili içəri buraxmayıblar:
"İdarədə bəlkə ən yaxşı halda 5-6 dəqiqə söhbət oldu, həmin foto-videolarla bağlı irad bildirdilər. İndi yüksək vəzifə sahibi olan polis məmuru ilə bağlı paylaşımlar xüsusi diqqət mərkəzində oldu və mənə bir də belə paylaşımlar etməməyi tövsiyə etdi".
Bundan sonra reportyor sərbəst buraxıldığını və hər hansı başqa xəbərdarlıq almadığını bildirib.
2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz olaraq müxalif qüvvələri dəstəkləyənlər etiraz aksiyası keçiriblər, buna cavab olaraq aksiyanı dağıtmaq üçün polis və daxili qoşunların qüvvələrindən istifadə edilib.