Hollandiyanın Ukraynadakı səfiri Fikrət Hüseynli ilə bağlı baş prokurora müraciət edib

Hollandiyanın Ukraynadakı səfiri Fikrət Hüseynli ilə bağlı baş prokurora müraciət edib
23 Oktyabr 2017
Mətni dəyiş

Niderland Krallığının Kiyevdəki səfiri azərbaycanlı jurnalist Fikrət Hüseynli ilə bağlı Ukraynanın baş prokuroruna rəsmi müraciət göndərib.

Səfirin məktubunda Ukrayna ərazisində saxlanılan Niderland vətəndaşı Fikrət Hüseynlinin taleyindən narahatlıq ifadə edilir.

Məktubda bildirilir ki, Fikrət Hüseynli 2008- ci ildə Niderland Krallığından siyasi sığınacaq istəyib, bu hüquq ona verilib, 2013- cü ildə onun Niderland ərazisində oturum hüququ müddətsiz olaraq uzadılıb, 2014-cü ildə F. Hüsenliyə Niderland vətəndaşlığı verilib.

Məktubda xüsusi olaraq jurnalistin Azərbaycana təhvil verilməsinin hüquqa zidd addım olacağı vurğulanıb:

“Hüseynlinin Azərbaycana təhvil verilməsi İnsan Haqları üzrə Avropa Konvensiyasının 3- cü maddəsinə (işgəncələrin qadağan olunması) ziddir. Bu ona qarşı zorakılıq riskləri yarada bilər və belə bir addımın atılması hüquqa zidd olar.”

F.Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Borispol hava limanında Ukrayna Sərhəd Xidməti tərəfindən Azərbaycanın sorğusu ilə İnterpol-un "qırmızı bildirişlər" sisteminə daxil edilmiş axtarış əsasında saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq və sərhəddi qanunsuz keçmək maddələri ilə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalistə 18 sutka həbs verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun