"Heykəl məhbusu" Bayram Məmmədov "kars"a salınıb

"Heykəl məhbusu" Bayram Məmmədov "kars"a salınıb
11 Oktyabr 2017
Mətni dəyiş

NİDA Vətəndaş Hərəkatının "Heykəl Məhbusu" kimi tanınan üzvü Bayram Məmmədov "kars"a salınıb.

Abzas.net xəbər verir ki, bu barədə 11 oktyabrda Bayram Məmmədovla görüşən vəkil Əsabəli Mustafayev məlumat verib.

Əsabəli Mustafayev bildirib ki, 9 oktyabrda Bayram Məmmədovun saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinə rəsmi orqanlardan adamlar gəlib. Özlərini təqdim etməyən bu adamlar Bayram Məmmədovla görüşüblər.

Vəkil bildirib ki, görüşü tərk edən Bayram Məmmədov növbəti gün cərimə kamerasına (“karsa”) salınıb.

Əsabəli Mustafayevin sözlərinə görə, Bayram Məmmədovun başını qırxıblar. O, növbəti 5 günü "kars"da qalmalı olacaq:

“Cərimə kamerasına salanda Bayram Məmmədovun başını qırxıblar. 5 gün orada qalmalıdır. İndi ora soyuq və nəmlidir. Paltarları isə çox nazikdir. Dedim paltar gətirək. Dedi ki, qoymurlar. Dedi ki, “kars” hazırda oturduğumuz otaqdan dəfələrlə soyuqdur. Yemək də yemədiyini, verilmədiyini deyir. 13 saylı həbsxanadan olan nidaçı siyasi məhbusların üçü bu gündən (oktyabrın 11-i) aclığa başlayırlar. İlkin Rüstəmzadə və Elgiz Qəhrəman tələb edirlər ki, Bayram Məmmədova təzyiqlərə son verilsin. Ona zorakılıq olmasından şübhələnib ekspertiza keçirilməsini istəyirlər və Ədliyyə Nazirliyinin rəhbərliyinin də onlarla görüşməsini tələb edirlər”.

Bundan əlavə, vəkil bildirib ki, əməliyyatçı Bayramdan şikayət verib və ondan əməliyyatçıya qarşı kobud davrandığına dair izahat tələb edilir.

Əsabəli Mustafayev durumla bağlı Ombudsman Aparatına da müraciət edib. Oradan bildiriblər ki, yaxın günlərdə müəssisəyə baş çəkəcəklər.

Penitensiar Xidmət bir qayda olaraq açıqlamalarında məhkumların cərimə kamerasına salınmasını onların daxili qaydaları pozmaları ilə izah edir.

Bayram Məmmədov həbsə salındığı gündən etibarən indiyə qədər cəza çəkdiyi müəssisədə ayrıseçkiliyə, təhqir və işgəncəyə məruz qaldığını açıqlayıb. Lakin hər dəfəsində həm müəssisə rəhbərliyi, həm də Penitensiar Xidmət onunla hüquq çərçivəsində davranıldığını bəyan edib.

Xatırlatma

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də, Bayram Məmmədov isə dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Fəalların özü və üzvü olduqları Nida Vətəndaş Hərəkatı onların həbsini fəaliyyətlərinə görə olduğunu iddia edir.

Amnesty International beynəlxalq insan haqları təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun