Hərbi və siyasi şəkil diplomatiyası

Hərbi və siyasi şəkil diplomatiyası
17 Oktyabr 2017
Mətni dəyiş

İsa Sadıqov

Müdafiə naziri niyə "dnevalnı" yerində dayanır?

lham Əliyevin Serj Sarkisyanla son görüşündən bir şəkil diqqətimi çəkdi. Şəkildə maraqlı bir şey yox idi, amma onu belə təqdim etmişdilər ki, "İlham Əliyev Sarkisyana qəzəblə baxdı".

Bu qəzəbin nəyə görə gərək olduğu, onun Əliyev- Sarkisyan görüşünün nəticələrinə hansı müsbət və ya mənfi təsir göstərdiyini hesablamaq fikrində də deyiləm, heç, onu da nəzərə almıram ki, şəkildə aşkar görünürdü ki, Sarkisyan İlham Əliyevin o qəzəbli və ya qəzəbsiz baxışlarını görmür. Yəni, o tərəfə baxmır.

İlham Əliyev Sarkisyana qəzəblə baxdı

Amma məsələ bu deyil. Şəkillərlə oynamaq, diplomatik və ya qeyri- diplomatik mesajlar çatdırmaq, deyəsən, azərbaycanlıların başını qatmaq üçün bir vasitədir.

İlham Əliyevlə Serj Sarkisyan ikilikdə görüşüblər, nə barədə və nə danışdıqları heç kimə bəlli deyil, aydındır ki, söhbət Dağlıq Qarabağ münaqişəsi barədə gedib. Ola bilsin, hətta elə- belə, qarışılıqlı hərbə- zorba gəlib söhbəti bitiriblər. Amma şəklin nə dəxli var?

Əgər şəkil nəsə deməkdirsə, o zaman Sarkisyan- Əliyev görüşünün təkbətək hissəsindəki bu "qəzəb" də nəsə deməkdir.

İlham Əliyev Sarkisyana qəzəblə baxmadı

Başqa bir "şəkil diplomatiyası" kimi Zakir Həsənovla Ermənistanın müdafiə naziri təqdim edildi. Həmin şəkildə Zakir Həsənov görüş formatını bir qədər uzaqda tutaraq özünü fotonun mümkün ola biləcək qədər uzaq bir yerinə, hərbi dillə desək, "dnevalnı" yerinə atıb.

Bu görüntünü də Azərbaycan oxucusuna belə təqdim edirlər ki, Zakir Həsənov o qədər bərk adamdır ki, Ermənistanın müdafiə naziri ilə yanaşı durub şəkil çəkdirməkdən imtina edib…

Zakir Həsənov Ermənistanın müdafiə nazirindən 57 santimetr aralıda dayandı

Mən o təqdimatla daha çox razıyam ki, Müdafiə naziri vəzifəsi həm də siyasi vəzifədir. Müdafiə naziri ölkə xaricindən hansısa formatda görüşlərə qatılırsa, bu cür görüşlərin yalnız hərbi deyil, daha çox, hərbi-siyasi əhəmiyyətindən danışmaq olar. Yəni, Rusiyada MDB ölkələrinin müdafiə nazirləri ilə görüşə gedən Azərbaycan Müdafiə naziri orada Ermənistanın müdafiə nazirinin olacağından xəbərdar idimi? Əlbəttə, xəbərdar idi. Əgər Ermənistanın müdafiə naziri ilə üz-üzə gəlmək, yanaşı durmaq istəmirdisə, o zaman, oraya getməyin nə mənası vardı?

Bizlərdən kim deyə bilər ki, bu formatda müzakirələrin getdiyi salonda Zakir Həsənovla Ermənistanın müdafiə nazirinin stulları yanaşı olmayıb ? Bəlkə də yanaşı oturmayıblar, amma təşkilatçıların həmin stulları hansı ardıcıllıqla düzdüyündən də xəbərimiz yoxdur. Əgər yanaşı otutublarsa, o halda həmin müzakirələrin gedişində Zakir Həsənov özünü necə hiss edib ? Ordadamı, stulunu bir qırağa çəkib bir az uzaqda oturub?

Ermənistan Müdafiə nazirindən neçə santimetr aralıda durmaq lazımdır ki, bunu Azərbaycanın hərbi təəssübünün ifadəsi saymaq olsun. Belə bir anlayış varmı ? Əlbəttə, yoxdur və bu sualların da hamısı Zakir Həsənovun həmin şəklinin məntiqsizliyindən doğan suallardır.

Ordunun təəssübünü başqa, daha gerçək əməllərlə çəkmək olar. Hətta Azərbaycanda əsgər yeməkxanalarında dekorasiyalar yaradıb şəkil çəkdirmək də o təəssübün göstəricisi deyil. Ordunun təəssübünü çəkmək, əsgərə can yandırmaq, məsələn, belə ola bilər ki, Ordu üçün ayrılmış vəsaitlərin sorağı Laundromatdan gəlməsin.

Orduya ayrılan milyardlarla vəsaitin talan edilməsinə imkan verməmək ordunun təəssübüdür. Həmin vəsaiti sağa- sola dağıdıb kazarmaları zabitlərin və əsgərlərin hesabına təmir etdirməməkdir Ordunun təəssübkeşliyi.

"Şəkil diplomatiyası" üçün poza vermək isə həm xalqı aldatmır, həm də saxtakarlıqları ört- basdır etməkdir. Belə davranışlarla hərbi uğurlar əldə etmək, siyasi təəssübkeşlik nümayiş etdirmək olmur. Bunlar, uşaq hərəkətləridir.

Yazı müəllifin fikirlərini əks etdirir və Abzas-ın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun