Gürcüstan boyu davam edən səsvermədə 64 bələdiyyənin üzvü ilə yanaşı rayon və şəhər merləri seçilməlidir.
Seçkilərdə 22 siyasi partiya, beş seçki bloku və bir təşəbbüs qrupu iştirak edir.
Azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda günortayadək seçicilərin 15,2 faizi səs verib, MSK bildirir. Ölkə boyu bu rəqəm 16.5 faiz təşkil edir.
Bu arada mer vəzifəsi uğrunda mübarizə aparan rəqiblər arasında qarşılıqlı ittihamların səsləndiyi xəbər verilir.
APA agentliyinə əsasən müxalif "Avropalı Gürcüstan" partiyasının namizədi Əhməd İmanquliyev hakim "Gürcü Arzusu" partiyasını bir neçə məntəqədə seçicilərə təzyiq göstərməkdə təqsirləndirib.
"Gürcü Arzusu"dan mer vəzifəsinə namizəd Temur Abazov bu ittihamları rədd edib.
Seçkilərdən əvvəl ən gərgin kampaniyalardan biri Gürcüstan paytaxtında yer alıb. Tbilisi meri postuna 13 iddiaçı var.
64 şəhər və bələdiyyədə başçısı uğrunda mübarizədə 400-dək namizəd iştirak edir.