Bu yaxınlarda bir neçə dostla çayxanaların birində əyləşmişik. Yan masada iki-üç gənc əyləşmişdi, müasir geyim-gecim, saç düzümü-filan. Normal, yüksək olmayan səslə danışır, hiss olunurdu ki, nə barədəsə qızğın müzakirə edirlər.
Çox keçmədi ki, çayxanaya daxil olan 3 yaşlı kişi digər yandakı, bizə daha yaxın olan masaya doğru gəldilər. Bu zaman onlardan ikisinin diqqətlə, ən əsası isə, qəzəb və nifrətlə həmin gənclərə baxdıqlarını, dodaq altından acıqlı-acıqlı nəsə donquldandıqlarını müşahidə etdim. Aydın görünürdü ki, xüsusilə də gənclərdən birinin saç düzümü, digərinin isə qulağındakı sırğa onları əməlli-başlı qeyzləndirib, əlacları olsa, masaları həmin gənclərin başına çırpar, hardansa balta, yaba, dəhrə tapıb yeddi yerdən yortarlar.
Ağsaqqallar gənclərin qarasına deyinə-deyinə, döşəyə-döşəyə keçib düz böyrümüzdəki boş masaya oturdular. Onların danışığı aydın eşidilirdi, istəmədən qulaq müsafiri olmuşduq, təkcə mən deyil, birgə oturduğum dostlar da ağsaqqalların sözlərini arabir gülümsəyərək dinləyirdilər.
Qocalar üç aşağı, beş yuxarı eyni, ənənəvi, eşitməkdən qulağımızın yağır olduğu nitqləri icad edirdilər. Əvvəllər böyük-kiçik var imiş, hər yanda abır-həya fışqırırmış, indi isə zamanə dəyişib, cavanların tamam zayı çıxıb, nə ağsaqqal sayan var imiş, nə qarasaqqal. Abırsızlıq baş alıb gedirmiş, bunların hamısı masonların işi, Amerikanın oyunları imiş, internet-minternetlə gənclərimizin başını xarab edir, əxlaqlarını pozurmuşlar ki, axırda bizi öz milli köklərimizdən, mənəvi dəyərlərimizdən uzaqlaşdırıb öz kölələrinə çevirsinlər-zad.
Düzdü, ağsaqqallardan biri bir balaca etiraz etdi ki, əslində mason-filan boş söhbətdi, bunlar hamısı qiyamətin əlamətidir, çünki Quranda yazılıbmış ki, nə vaxt böyük-kiçiyə hörmət qalmasa, insanlar əcaib-qəraib geyinməyə başlasa, deməli, artıq dünyanın sonudur.
Bu vaxt masamızdakı dostlardan biri – hansı ki, xeyli mühafizəkar olduğunu hamımız bilirdik, - bizim bu söhbətləri eşidib gülümsədiyimizi görüncə dedi:
“Ola bilər, ağsaqqalların qiyamət söhbəti bir az cahilliklərindən gəlir, amma yerdə qalan dediklərinin harası düz deyil? Bu nə geyim-gecimdi, bu nə saç-saqqaldı? Hələ bu birinin sırğasına bax! Yaraşar bizim millətə? Başa düşürəm, gəncdirlər, ancaq belə gəncliklə ölkənin gələcəyini necə xilas etmək olar?! Hara gedirik biz?!”
Digər dostumuz etiraz etdi: “Kim necə, hansı dəblə geyinir, öz işidir. Bundan başqasına nə? Mən insanda ona baxıram ki, oğurluq edir, ya etmir, yalan danışır, ya danışmır, yaltaqlanır, ya yaltaqlanmır, işverəndi ya deyil, ağa qara deyir, ya demir. Adamlar ictimai əxlaqsızlıqla məşğul olmayandan, ictimai seçimlərini düzgün edəndən sonra onun geyim-gecimindən, saç düzümündən, şəxsi seçimlərindən mənə nə?”
Bundan sonra masamızda yüngülvari mübahisə başladı. Hamımız bir yana, mühafizəkar dostumuz bir yana.
Bir də baxdıq ki, ağsaqqalların masasında səslər daha da yüksəldi. Onlardan ikisi odlu-alovlu şəkildə bir-birlərinə nə isə izah etməyə çalışdılar.
Məgər bu ağsaqqallardan biri sovet vaxtı ət, digəri isə süd kombinatında işləyiblərmiş. Onların hərəsi öz kombinatından necə ət və süd çırpışdırdıqlarını ballandıra-ballandıra, böyük bir mərifətmiş kimi anladırdılar, oğurluq üçün icad etdikləri metodlar barədə eşidəndə isə şəxsən mənim gözüm kəlləmə çıxdı, az qaldı durub adamların belə əyri işlərə sərf olunan istedadı qarşısında baş əyim!
Sonra ağsaqqallar hansında - ət, yoxsa süd kombinatında daha çox qaz vurub qazan doldurulduğu barədə mübahisə etməyə başladılar. Biri dedi, “ağlım olmadı, istəsəydim iki aya bir ev alardım, belə baxanda da hardan biləydim dünyanın altı üstünə dönəcək, zənn eləyirdim, bu dəyirmanın suyu heç vaxt qurumaz”, o biri qayıtdı ki, “əşşi, sən nə danışırsan, mən hər axşam bir “meşok” pulla gəlirdim evə, heç sayıb-eləmirdim də, zibil kimi boşaldırdım evin ortasına, arvada deyirdim, doldur yastıqüzlərinin içinə, özüm də səhər-axşam yeyib-içməkdə, bazlıqda, elə bilirdim həmişə belə olacaq...”
Mən bayaqdan adamların saç-saqqalı, geyim-gecimi ilə uğraşan dostumuza baxıb ehmalca gülümsündüm.
Dostumuz nə demək stədiyimi anlamış olmalı idi ki, ayağa durdu, dedi:
- Qalxın gedək, daha mənim heç bir sözüm yoxdur!
Yan masadakı gənclər isə çoxdan getmişdilər...
Yazı müəllifin fikirlərini əks etdirir və Abzas-ın mövqeyi ilə üst-üstə düşməyə bilər.