Fransa bəyan edib ki, əgər Kataloniya birtərəfli qaydada İspaniyadan ayrılmağa qərar versə onun müstəqilliyini tanımayacaq.
Azadlıq Radiosunun məlumatına görə, bunu Fransanın Avropa məsələləri üzrə naziri Nathalie Loiseau "CNews" televiziya kanalına deyib.
Nathalie Loiseau deyir ki, bu məsələ İspaniya siyasətinin bütün yüksək səviyyələrində dialoq yolu ilə həll olunmalıdır.
Kataloniya oktyabrın 1-də müstəqilliklə bağlı referendum keçirib və əksəriyyət müstəqilliyə hə deyib. Kataloniya lideri referendumdan sonra bildirib ki, region "bir neçə günə" müstəqilliyini elan edəcək.
Avropa Komissiyasının sözçüsü Margaritus Schinas-da oktyabrın 2-də deyib ki, İspaniya Konstitusiyasına görə, Kataloniyadakı referendum qanunsuzdur.
O bildirib ki, Kataloniya ilə Madrid arasındakı bu problem İspaniynın daxili işidir və İspaniyanın konstitusiya quruluşuna uyğun həll olunmalıdır.
O həmçinin deyib ki, Avropa Birliyi problemi dialoq yolu ilə həll etməyə çağırır.
İspaniyanın ali məhkəməsi hələ referendumdan əvvəl onun qanunsuz olması barədə qərar qəbul edib.