Ermənistan: Tələbələrin "hərbi xidmətdən möhlət" qanununa qarşı aksiya

Ermənistan: Tələbələrin "hərbi xidmətdən möhlət" qanununa qarşı aksiya
21 Oktyabr 2017
Mətni dəyiş

Yerevanda bir qrup ali məktəb tələbələri Ermənistan Müdafiə Nazirliyinin hazırladığı "Hərbi xidmət və hərbi qulluqçunun statusu barədə" qanun layihəsinə qarşı etiraz aksiyasını keçiriblər.

Qanun layihəsi üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmə qaydaları dəyişir.

Yeni layihə qəbul edilərsə, təhsilini davam etdirmək üçün yalnız Müdafiə Nazirliyi ilə müvafiq saziş imzalayan tələbələrə möhlət verilər.

Ermənistan Hökuməti tərəfindən parlamentin müdafiə və təhlükəsizlik komissiyasının müzakirəsinə təqdim edilən qanun layihəsinə görə, hərbi xidmət keçmək üçün sağlamlıq problemləri olmayan 18 yaşı tamam olmuş kişi cinsli vətəndaşlar ümumtəhsil orta məktəbi bitirdikdən sonra ikillik məcburi hərbi xidmətə çağrılmalıdır.

Müqavilə

Təhsilini davam etdirmək istəyən gənclər möhlət almaq üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlamalıdırlar.

Həmin müqaviləyə əsasən, möhlət alan şəxs, seçdiyi ixtisasla yanaşı, müvafiq hərbi hazırlıq keçməyi və təhsilini başa vurduqdan sonra Müdafiə Nazirliyi tərəfindən seçilən hərbi hissədə, lakin artıq üç il (zabit rütbəsi və vəzifəsində), qulluq etməlidir.

Etiraz aksiya iştirakçıları hesab edirlər ki, Müdafiə Nazirliyinin bu təşəbbüsü ölkədə bütün ali təhsil sisteminə böyük zərər vura bilər.

Tələbələr öz narahatlıqları və mövqeyini çatdırmaq üçün Yerevan Dövlət Universiteti ərazisindən Təhsil və Elm Nazirliyinə yürüş təşkil etdilər.

Təhsil Nazirliyində müzakirə

Aksiya iştirakçılarını Təhsil və Elm Nazirliyinin nümayəndəsi Robert Sukiasyan qarşıladı və məsələni müzakirə etmək üçün etirazçıların 3-5 nəfərdən ibarət nümayəndə heyətini nazirliyə dəvət etdi.

Müzakirə baş tutmadı. Tələbələr Təhsil Nazirliyindən hərbiyyənin "ölkədə ali təhsil sistemi və elmin inkişafına ciddi zərər vuran" planlarının gerçəkləşməsinə yol verməməyi tələb edirlər.

Hüquq müdafiəçiləri "ölkədə hər şeyin ordu naminə, hərbiyyəyə tabe edilməsinin" yolverilməzliyinə işarə edirlər, lakin layihənin müzakirəsi ciddi müqavimətlərə rast gəlmir.

Hüquq müdafiəçisi Artur Sakunts, belə bir qanunun qəbul edilməsi ölkəni tərk etmək meylinə düşənlərin sayını daha da artırar.

Yaxın 1-2 həftədə ordu xidmətindən möhlət haqqında qanun layihəsi Ermənistan Parlamentinin gündəliyinə daxil edilə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun