Rəşid Hacılı
Prezident deyib ki, biznes alimlərə əl tutsun. AMEA prezidenti. O qədər akademikimiz var. Aldıqları maaşlar bəs eləmir. Elə maaş alırlar vəssalam. Bir iş də yoxdur görsünlər. Maaşla da dolanmaq çətindir, özünüz bilirsiniz.
İllər öncə bir özəl biznes şirkətdə hüquq müşaviriydim. Şirkətin gəlirləri də o zamankı ölçülərlə yaxşıydı. Çox yaxşı. Amma İndiki ölçülərlə isə, heç nə. Qəpik-quruş.
Nə isə. O zaman həmin şırkətin sahibi yaxşı xeyriyyə işləri görürdü. Əvvəl Bakı Dövlət Universitetinin bir sıra müəllimlərinə ayda 100$ filan yardım verirdi.
Sonra yardım alanlar sırasına akademiklərin bir çoxu əlavə olundu. Kimsə məsləhət gördü. Onlara bir az çox, ayda 150$ verirdi.
Ayın sonunda şirkətdə kassanın qabağında həngamə qopurdu. Akademik və professorların növbəsi.
Elə səliqəylə növbəyə dururdular ki, kassadan maaş alan işçilər də əvvəl onlara hörmət edib irəli buraxırdılar. Bir az keçdi, hamı bezdi. Daha hörmət-izzət qurtardı.
Bəziləri gəlib utana-utana, sakitcə alıb gedirdilər. Bəziləri isə gələndə çalışırdılar şirkət sahibinin yanına girib onu tərifləsinlər. Ya da imkan tapıb nəsə xahiş eləsinlər.
O da onlara əvvəl diqqətlə yanaşır, dinləyir, mümkün xahişləri yerinə yetirməyə çalışırdı.
[caption id="attachment_12056" align="aligncenter" width="960"] Rəşid Hacılı[/caption]Şirkət sahibi türk idi. Kasıb ailədən çıxmışdı. Oxuya bilməmişdi. Universitet, professor sözləri eşidəndə ayağa durmaq istəyirdi.
Professorlar onu yoldan çıxarıb BDU-nun hüquq fakultəsinə qəbul etmişdilər. Tələbə biletini bir təntənəynən gətirib verdilər.
Nə isə. Müdür bir azdan bunlardan bezdi. Şirkətə gəlməsinlər deyə pullarıni AMEA-ya, BDU-ya yollayırdı. Amma professorları durdurmaqmı olar. Şirkətin dəhlizlərini kafedraya çevirmişdilər.
Müdür o qədər bezdi ki, şirkətin çöl qapısında duran polisə tapşırdı ki: "Sakın akademision, profesör burakmayasan bura. Bacaqlarını qıracam kim buraksa."
İndi şirkət çoxdu pullu, Bakıda. Yəqin çətin olmaz. Bölsünlər şirkətlər arasında. Gömrük, Vergi, QAİ, Əmlak Komitəsi. Təkcə Əli Həsənovun şırkətləri 5 AMEA saxlaya bilər.
Gəlsinlər otursunlar, söhbət eləsinlər, çay içib xahişlərin eləyib maaşların alıb getsinlər.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.