'Dövlət büdcəsi gömrük ödənişlərindən azı 1,3 milyard manat vəsait itirib'

'Dövlət büdcəsi gömrük ödənişlərindən azı 1,3 milyard manat vəsait itirib'
6 Oktyabr 2017
Mətni dəyiş

"2015-ci ildə dövlət büdcəsi gömrük ödənişlərindən ən azı 1,3 milyard manat vəsait itirib".

Abzas.net xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycan Gömrük Komitəsində büdcədən yayındırılan vəsaitlə bağlı açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, həmin il Azərbaycanın 10 ticarət tərəfdaşı ilə idxal əməliyyatları üzrə qeydiyyatdan kənarladırılan dövriyyə 2 milyard 30 milyon dollar və ya hazırkı məzənnə ilə 3 milyard 451 milyon manat olub.

2.03 milyard dollar gömrükdə rəsmiləşdirilməyib

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və 10 tərəfdaş ölkənin 2015-ci il üçün idxal əməliyyatlarına dair məlumatlar əsasında güzgü statistikası metodologiyası ilə eyni göstəricilər arasındakı fərqi aşkarlamaq üçün növbəti hesablamaların nəticələrini təqdim edirəm".

Q.İbadoğlu bildirib ki, əvvəlki hesablamalarla müqayisə əsasında qeyd edim ki, bu dəfə fərq ötən illərlə müqayisədə azalsa da (bu da obyektiv səbəbdən baş verir, çünki ümumilikdə idxal da aşağı düşüb) yenə də əhəmiyyətlidir. Bəzi ölkələr (İsrail, Gürcüstan, Macarıstan, Britaniya və Türkiyə) üzrə fərq isə keçən illərlə müqayisədə, əksinə daha da böyüyüb.

741 milyon dollar büdcədən yayındırılıb

"Yekun hesablamalar göstərir ki, 10 ticarət tərəfdaşı ilə idxal əməliyyatlarında qeydiyyata düşməyən ticarət dövriyyəsi 2 milyard 30 milyon dollardan çoxdur ki, bu da həmin ölkələr üzrə idxal əməliyyatlarının orta hesabla hər 3 dollarından 1 dollarının qeydiyyata salınmaması və ya gömrük dəyərinin ən azı 30 faiz azaldılması nəticəsində mümkündür".

Ekspertin sözlərinə görə, belə olan halda da dövlət büdcəsi həmin ölkələr üzrə qeydiyyatdan kənarlaşdırılmış idxal əməliyyatlarından orta hesabla 741,4 milyon dollar və ya hazırkı məzənnə ilə 1 milyard 311 milyon manat itirib. (Daha geniş məlumatlarla cədvəl vasitəsilə tanış ola bilərsiniz).

Türkiyə, İsrail və Gürcüstan

Cədvəl məlumatlarından göründüyü kimi Türkiyə Dış Tıcarət Müştəşarlığı 2015-ci ildə Azərbaycana 1 milyard 898 milyon 714 min 900 dollarlıq mal ixrac etdiyini açıqlayıb, Dövlət Gömrük Komitəsində isə Türkiyədən Azərbaycana idxal 1 milyard 171 milyon 385 min 400 dollar göstərilib ki, bu da iki ölkə arasında 727 milyon 329 min 500 dollarlıq idxalın qeydiyyata düşmədiyini təsbit edir.

İsrail höküməti həmin il Azərbaycana 129 milyon 557 min dollarlıq mal göndərdiyini rəsmi olaraq açıqlasa da Azərbaycan gömrüyündə onun 5,2 dəfədən az hissəsi, yəni cəmisi 24 milyon 871 min 700 dolları qeydiyyata alınıb.

Gürcüstandan gələn idxal malı 3,5 dəfə azaldılaraq qedyiyyata salınıb.

Qubad İbadoğlu bildirib ki, yaxın zamanlarda 2016-cı il üzrə vəziyyəti xarakterizə edən araşdırmanın nəticələrini də təqdim edəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun