DİN: 83 nəfər saxlanılıb, 32 nəfər məcburi müalicəyə göndərilib

DİN: 83 nəfər saxlanılıb, 32 nəfər məcburi müalicəyə göndərilib
3 Oktyabr 2017
Mətni dəyiş

Daxili İşlər Nazirliyi və Prokurorluq oktyabrın 2-də birgə məlumat yayıb.

“Vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakının mərkəzində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədilə şəhərin Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək həyata keçirilmiş tədbirlərlə 83 nəfər saxlanılıb”.

56 həbs, 18 cərimə, 9 xəbərdarlıq

Rəsmi məlumatda deyilir ki, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilərək məhkəmələrə göndərilib, 56 şəxs barəsində müxtəlif müddətlərə inzibati həbs tənbehi seçilib, 18 nəfərə inzibati qaydada cərimə,  9 nəfərə xəbərdarlıq edilib.

“Saxlanılan şəxslərin hüquqlarını müdafiə edən vəkillərin müraciətləri nəzərə alınaraq inzibati həbs olunanlardan 32 nəfəri müalicə üçün Dəri-Zöhrəvi dispanserlərə göndərilib. Onlarda zöhrəvi xəstəlik aşkar edilməyib, 24 nəfər inzibati həbsdən azad edilib.

Tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə, 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6-da “AİDS”, 6-da “HİV”, 16-da “sifilis”, 2-də “kəskin uretrit, candida albikas və trixomonias”, 2 nəfərdə isə “Hepatit HVC” virusu aşkarlanıb. Digərlərində zöhrəvi xəstəliklərin olub-olmamasının müəyyənləşdirilməsi, eləcə də onlar tərəfindən bu xəstəliklərin məqsədli şəkildə yayılmasının qarşısının alınması istiqamətində səhiyyə orqanları ilə birgə təxirəsalınmaz tədbirlər davam etdirilir” – məlumatda deyilir.

"İDDİALAR ƏSASSIZDIR"

Rəsmi məlumatda o da deyilir ki, ayrı-ayrı kütləvi informasiya vasitələrində cinsi azlıqlara qarşı guya təqiblərin olması və onların hüquqlarının pozulması barədə deyilənlər əsassızdır, reallığı əks etdirmir:

“Belə tədbirlərin keçirilməsində məqsəd yalnız ictimai qaydanı pozmaqla vətəndaşların şikayətlərinə səbəb olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi və ağır nəticələrə səbəb olan yoluxucu zöhrəvi xəstəliklərin yayılmasının qarşısının alınmasıdır”.

Səhiyyə Nazirliyi deyir ki…

2017-ci il iyulun sonunadək 309224 nəfər nikaha daxil olmaq istəyən şəxs müayinədən keçib.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2015-ci il iyunun 1-dən 2017-cı il iyulun 31-dək müayinələrdən keçən şəxslərdən 12594 nəfərində talassemiya, 1456 nəfərdə sifilis, 225 nəfərdə isə QİÇS tapılıb.

QİÇS-lə Mübarizə Mərkəzinin 2016-cı ilin sonuna olan hesabatında isə deyilir ki, Azərbaycanda 5376 nəfər İİV-lə yaşayan insan qeydiyyatdadır.

İİV-li vətəndaşların 48,7%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi, 40,4%-da heteroseksual, 1,9%-da homoseksual əlaqə, 1,8%-da anadan uşağa keçməklə qeydə alınıb, 7,3%-də isə yoluxma yolu müəyyən edilməyib.

"POLİSİN BELƏ REYDLƏR KEÇİRMƏSİ ƏSASSIZ DEYİL"

Rəsmi məlumat homoseksual əlaqədən yaranan yoluxmanı 1,9 faiz göstərsə də, Daxili İşlər Nazirliyi deyilənlərlə razılaşmır kimi görünür. LGBT (Lezbian-Gey-Biseksual-Transgender) fərdlərinin saxlanmasını məhz virus yayılması ilə əsaslandırır.

"GEYLƏRİ GÖZÜMÜZÜN QABAĞINDA SÜRÜYƏ-SÜRÜYƏ APARDILAR"

LGBT fərdləri isə deyir ki, polislər onlara təzyiq göstərir, pul verməyənləri həbs edir, onlara hədə-qorxu gəlirlər:

“Bizi homoseksualların ad-soyadını və ünvanını söyləməyə məcbur edirlər. Klubdan güclə qaçdım, yoxsa polis tutub aparırdı. Geyləri gözümün qabağında sürüyə-sürüyə apardılar” - LGBT fərdi Xəyal Əliyev “Facebook” səhifəsində belə yazıb. O, olanları belə izah edib:

“Hansısa varlının balası SPİD-ə yoluxub, düşüblər biz yazıqların üstünə. Tutduqlarını döyür, yalandan “polisə əl qaldırıb” adıyla 20 sutkalıq içəri atırlar”.

Səhiyyə Nazirliyi məcburi müayinəni inkar edir

Azərbaycan Səhiyyə Nazirliyi hüquq-mühafizə orqanlarının yaydığı məlumatı təsdiqləmir. QİÇS-lə Mübarizə Mərkəzinin rəhbərliyi sonuncu dəfə sentyabrın 24-də “virtualaz.org”-a bildirib ki, qeyri-ənənəvi oriyentasiyalı şəxslərin immun çatışmazlığı virusuna görə məcburi müayinəsi ilə bağlı polis tərəfindən onlara heç bir müraciət olmayıb.

Polisin cinsi azlıq nümayəndələrini tutması gedişatında onların məcburi müayinədən keçirilməsi və immun çatışmazlığı virusuna yoluxmaları faktının aşkarlanması barədə KİV-də yayılmış məlumatları şərh edərkən QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları izah ediblər ki, qanunvericiliyə görə, insanın immun çatışmazlığı virusuna yoluxması ilə bağlı məcburi analizlərin götürülməsi və müayinə aparılması yalnız virusla yoluxma faktının üzə çıxarılması halında və məhkəmənin qərarı ilə mümkündür.

"İMMUN ÇATIŞMAZLIĞI VİRUSU İLƏ BAĞLI MÜAYİNƏ KEÇİRİLMƏYİB"

“Polisin keçirdiyi reydə gəlincə, qeyri-ənənəvi oriyentasiyalı şəxslərin nümayəndələrinin heç biri nəinki QİÇS-lə Mübarizə Mərkəzinə gətirməyib, heç onların qeydiyyatdakı xəstələrin arasında olub-olmamaları belə dəqiqləşdirilməyib.

Bir sözlə, qeyri-ənənəvi oriyentasiyalı həmin şəxslərin heç biri polisin xüsusi təlimatı üzrə insan immun çatışmazlığı virusu ilə bağlı müayinə keçməyib”, - deyə Mərkəzdən bildiriblər.

"BU ŞƏXSLƏRİN ÇOXUNU SAXTA İTTİHAMLARLA, QANUNSUZ HƏBS EDİBLƏR"

Hüquqşünas Rəşid Hacılı deyir ki, bu insanların şəxsi həyata hörmət hüquqları pozulub:

“DİN bəyanat verdi ki, guya bu əməliyyatın məqsədi dəri-zöhrəvi xəstəliklərin, təhlükəli virusların yayılmasının qarşısını almaq olub. Bunun üçün guya LGBT icmasından cinsi xidmətlər təklif edən, yəni fahişəliklə məşğul olan bəzi şəxslərin virus yayması risklərinin yoxlanması olub. Sözlərindən belə çıxıb ki, onlar qadın, kişi, LGBT, fərq qoymurlar, sadəcə toplumun sağlamlığı qayğısına qalırlar”.

Hüquqşünas ilk baxışda niyyətin normal göründüyünü deyir: “Ancaq bunun edilmə üsulu normal hüquq-mühafizə standartlarına qətiyyən cavab vermir. Qanunları qorumaq məqsədilə onları polis çəkmələri altına atırlar. Qanunsuzluq, özbaşınalıq, cəzasızlıq xofu yaradırlar. Niyyət necə yaxşı olursa olsun, belə davranışlar topluma zərərli virusların yayılması kimi ağır əməllərdən az ziyan vurmur. Bu, qanunlara, rəsmi qurumlara, məhkəmələrə, öz hökumətinə inam çatışmazlığı virusudur. Özü də ən ağırından. Bundan qorxulu virus isə yoxdur”.

"İNSAN HÜQUQLARININ POZULMASINA GÖZ YUMAN, DƏSTƏK VERƏN TOPLUM HÜQUQSUZ QALACAQ"

Rəşid Hacılı deyir ki, kimin etməsindən asılı olmayaraq, fahişəliyin hər hansı formasını heç bir cəmiyyət rahat həzm edə bilməz:

“Virusları bilə-bilə yoluxdurmaq cinayətdir. İnsan sağlamlığına qəsddir. Amma belə məsələləri polis dəyənəyilə həll edə biləcəklərini düşünmələri normal deyil. Hansı əsrdə yaşayırlar? Bunun bütün normal dünyada çoxdan sınaqdan çıxmış yöntəmləri ola-ola. LGBT nümayəndəsinin saçını zorla qırxan polis, onun ləyaqətini alçaltmağa əli varan polis sadəcə bir şəxsin, bir qrupun yox, hamımızın hüququnu pozur. Bu, sələfi təriqətindən olan dindarların saqqalını yolan polisdir. Bu, Nardaranda dindarların evindən "silah tapan", onlara işgəncə verən həmin polisdir. Bu, “Əbu Bəkr” məscidini bağlayan polisdir. Bu, “Beynəlxalq Bank” işində kredit borcu olan biznesmenləri "içəri atıb başa salan" polisdir. Bu qanuni mitinq keçirmək üçün təbliğat aparanları "söyüş söyənlər" adı altında həbsə atan polisdir. LGBT nümayəndələrini nə qədər qapazaltı edəcəyik, gözümçıxdıya salacağıq, hüquqsuzluğa, ayrıseçkiliyə məruz qoyacağıq, bundan bir toplum olaraq biz zərər görəcəyik. Bir fərdin belə hüquqlarının pozulmasına göz yuman, dəstək verən toplum hər zaman hüquqsuz olacaq”.

"İNSAN ÖZÜ MÜAYİNƏYƏ QƏRAR VERMƏLİDİR"

Qadın Krizis Mərkəzinin rəhbəri olmuş, hazırda ölkədən kənarda yaşayan Mətanət Əzizova Meydan TV-yə deyib ki, LGBT fərdlərinin zorla müayinədən keçirilməsi qanunaziddir:

“İllər öncə Avropa institutlarının tələbi ilə Ramanadakı Dəri Zöhrəvi Dispanser qapadıldı. İnsanlar məcburi şəkildə o dispanserə yoxlamaya göndərilirdi. Əsasən də qadınlar. Məcburi müayinə qadağan olunduğundan bu dispanser bağlandı. Tibbi müayinədən keçib-keçməmə qərarını insan özü verməlidir. Əgər insan bilərəkdən xəstəlik yayırsa, o zaman hüquq-mühafizə işə qarışa bilər. LGBT fərdlərini saxlayıb, məcburi müayinəyə göndərmək Azərbaycanın qoşulduğu Avropa öhdəliklərinə ziddir. Bu addımı atan hüquq-mühafizə orqanı əməkdaşları cəzalandırılmalıdır. Qurbanlar isə məhkəməyə müraciət etməlidir”.

"MƏCBURİ MÜAYİNƏDƏN KEÇİRMƏK ARTIQ TƏHQİRDİR"

Mətanət Əzizova deyir ki, bu məsələdə onun diqqətini bir şey də çəkib. İnsanları küçədən aparıb, sonra da fahişəlikdə ittiham edirlər:

“Bu, doğru deyil. Bəli, ölkədə fahişəliklə məşğul olmaq qanun pozuntusudur. Buna görə cərimə tətbiq edilir. Amma bir məsələ də var. Əvvəlcə həmin şəxslərin fahişəliklə məşğul olmaları sübut olunmalıdır. Burada isə əsas olan fahişəlik, cinsi əlaqə yox, bədəni pul ilə satmaqdır. Tutulanları pul alarkən saxlayıblar? Belə deyilsə, onların fahişə olmalarını nə ilə əsaslandırırlar? Cinayət faktını sübut etmək gərəkir. Yoxsa, onların etdikləri qanun pozuntusundan başqa bir şey deyil. Şikayətlər əsasında ümumi yoxlama ola bilərdi. Məcburi müayinədən keçirmək artıq təhqirdir”.

"İNSANLAR ONLARA BAXIŞLARINI DƏYİŞMƏLİDİRLƏR"

Mətanət Əzizova deyir ki, ölkədə LGBT ilə bağlı vəziyyət gərgindir. Bu, ancaq dövlət qurumlarına yox, cəmiyyətin özünə də aiddir:

“Tolerantlıq onları sevməlisən, həyat tərzlərini dəstəkləməlisən demək deyil. Bu insanların hüquqlarını pozma, yetər. Təəssüf ki, son zamanlar sosial şəbəkələrdə onları öldürməyə çağıranları da görmək olur. Yaxınları bu insanlara dəstək olmur. İlk öncə insanlar onlara baxışlarını dəyişməlidirlər”.

İlham Əliyev: “Azərbaycanda bütün qrup insanların hüquqları təmin olunub”

2014-cü ildə Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edən prezident İlham Əliyev norveçli xanım deputatın LGBT ilə bağlı sualına belə cavab vermişdi:

“Azərbaycanda bütün qrup insanların hüquqları təmin olunub və heç bir məhdudiyyət yoxdur. Azadlıqlarla bağlı mövcud vəziyyət yəqin ki, sizin ölkənizdəki vəziyyətdən fərqlənmir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun