Rusiya Ali Məhkəməsi deputat Elmira Axundovanın oğlu Həbib Axundovun dostu və şəriki Elnur Rauf oğlu İbrahimovun şikayətinə baxıb. Elnur İbrahimov İnterpol xətti ilə axtarışda idi.
Beynəlxalq Polis Təşkilatının əməkdaşları Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Elnur İbrahimovu 2016-cı il noyabrın 22-də Rusiya paytaxtı Moskvada həbs ediblər.
Azərbaycan hüquq-mühafizə orqanları E.İbrahimov barəsində 2014-cü ilin iyulunda Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda dələduzluq) cinayət işi başlayıb. Xətai Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs-qəti imkan tədbiri seçilib.
Adının açıqlanmasını istəməyən zərərçəkənin məlumatına görə, H.Axundov və E.İbrahimov 2013-cü ilin əvvəlindən başlayaraq bizneslərini böyütmək adı ilə vətəndaşlardan pul toplamağa başlayıblar. Ümumilikdə 8 milyon manat pul toplanıb.
Vətəndaşlardan 8 milyon manat toplanıbVətəndaşlara bildirilib ki, onlardan alınan pullar ofis ləvazimatlarının, katriclərin ölkəyə gətirilməsi və satışının təşkilinə yönəldilir, əldə olunan qazancdan onlara dividend (Şirkətin səhmdarları arasında bölünməli olan gəlirin bir hissəsi; hər bir səhmdarın payına düşən gəlir) veriləcək. Dividend ödənişi bir neçə ay davam edib. Həbib Axundov və Elnur İbrahimov dividend ödənişinin dayandırılmasının səbəbini izah etməyiblər.
Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov H.Axundovla E.İbrahimovun şirkətinə yatırdıqları pulları geri tələb ediblər. Lakin pulları geri qaytarılmayıb. Məsələyə deputat Elmira Axundova qarışıb. Vətəndaşlara vəd olunub ki, məsələ həllini tapacaq. Bundan 3 gün sonra - 9 sentyabr 2013-cü ildə Elnur İbrahimov ölkədən çıxıb.
Həbib Axundovla anası zərərçəkənləri məhkəməyə veribOnun barəsində Daxili İşlər Nazirliyi (DİN) Baş Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb, 4 ildir ki, istntaq yerində sayır.
“Hazırda deputat Elmira Axundovanın oğlu Həbib Axundov da iş üzrə zərərçəkən kimi tanınıb. Lakin o, digər zərərçəkənlər kimi Elnur İbrahimovun ölkəyə ekstradisiya olunması üçün hər hansı bir addım atmır. Özü və anası Elmira Axundova digər zərərçəkənləri müxtəlif iddialarla məhkəməyə veriblər” – mənbə deyir.
Bildirilir ki, zərərçəkənlərin israrlı tələblərindən sonra Elnur İbrahimov 2016-cı il noyabrın 22-də Rusiya Federasiyasının Moskva şəhərində həbs olunub. Onun İnterpol xətti ilə axtarışa verilməsi üçün iş üzrə zərərçəkən kimi tanınan vətəndaşlar 2 il aidiyyatı dövlət qurumlarına ardıcıl müraciətlər ediblər. Həbib Axundovun isə bunun üçün hər hansı addım atmadığı bildirilir.
Həbib Axundov heç nə olmamış kimi davranır“Hazırda iş üzrə zərərçəkənlər iki hissəyə bölünüb. Bir tərəfdə Elnur İbrahimovun dostu Həbib Axundov, digər tərəfdə isə Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov dayanıblar. Həbib Axundov xaric digər zərərçəkənlər Elnur İbrahimovun ölkəyə gətirilməsi və həqiqətin üzə çıxması üçün çalışırlar.
Həbib Axundov isə heç nə olmamış kimi davranır. Onlar Elnur İbrahimovun məhkəmə qarşısında dayanmasına çalışdıqları bir vaxtda Həbib Axundov anası ilə birlikdə onları məhkəmələrə verərək yüksək məbləğlərlə cərimə, həbs etdirməyə çalışır” – zərərçəkənlərdən birinin vəkili deyir. Vəkil təzyiqlə üzləşməmək üçün adının açıqlanmasını istəmir.
Hüquq-mühafizə orqanlarında təzyiqlərə məruz qalmışamElnur İbrahimov 2016-cı il noyabrın 22-də Rusiya paytaxtı Moskvada həbs edildikdən sonra bəyan edib ki, Azərbaycana təhvil veriləcəyi təqdirdə həyatına təhlükə olacaq və Azərbaycana təhvil verilməməsi üçün hərəkətə keçib.
Rusiya Ali Məhkəməsinin qərarında yazılanlara görə, o, apelyasiya şikayətində qeyd edib ki, Azərbaycan hüquq-mühafizə orqanlarında saxlanılarkən təzyiqlərə məruz qalıb, ona işgəncə verilib, burnu sındırılıb. Buna görə də Rusiya dövlətindən sığınacaq istəyir, Azərbaycana qaytarılmamasını xahiş edir.
Rusiya Ali Məhkəməsinin qərarında göstərilir ki, Elnur İbrahimovun gətirdiyi dəlillər araşdırılıb, boş sözlərdən ibarət olduğu, Azərbaycan tərəfinə təhvil verilməməsinə hesablandığı təsbit edilib.
Yekun qərara görə E.İbrahimov Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil veriləcək. Belə görünür ki, Elnur İbrahimov tezliklə Azərbaycana ekstradisiya olunacaq.
Deputat danışmaq istəmirMeydan TV məsələyə deputatın və ya oğlunun münasibətini öyrənmək istəyib. Həbib Axundovla əlaqə yaratmaq mümkün olmayıb. Elmira Axundova isə məsələ ilə bağlı sualları cavablandırmaq istəməyib.
Ümumiyyətlə, yerli KİV-lər bu haqda dəfələrlə yazmasına baxmayaraq, deputatın mövqeyini dərc edən olmayıb. Elmira Axundova mətbuata yalnız iş adamı kimi tanınan Fərman Məmmədovla oğlu arasında olan problemdən danışıb və deyib ki, oğlu bu işdə zərərçəkəndir.
Fərman Məmmədov da Elmira Axundova və oğlu tərəfindən külli miqdarda vəsaitinin mənimsənildiyini iddia edirdi.