Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycanla bağlı gərgin keçən iclaslar fonunda Şuranın Baş katibinin Azərbaycana qarşı çağırışları yenidən gündəmə gəlib.
Çərşənbə günü səhəri AŞPA-da həmməruzəçilər Stefan Schennach və Cezar Florin Preda-nın hazırladığı "Azərbaycanda Demokratik Qurumların Fəaliyyəti" və keçən ay AŞPA-dan istefa verən məruzəçi Alain Destexhe-nin Azərbaycanda insan haqlarına dair hesabatı üzrə iki qətnamə parlamentdə müzakirə edilərək qəbul edilib.
Azərbaycan tərəfi bu hesabatı "çox tənqidi" adlandırsa da, konstruktiv söhbətlər və dialoqun tərəfdarı olduqlarını bildirib. Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qətnamələrin qəbulundan sonra BBC Azərbaycancaya qətnamələr, dialoq, AŞ ilə gələcək barədə müsahibə verib.
BBC Azərbaycancanın Strasburqdakı müxbiri Tural Əhmədzadə güman edilən addımlar barədə AŞ-ın Baş katibi Thorbjorn Jagland-ın sözçüsü Daniel Holtgen-dən müsahibə alıb.
BBC Azərbaycanca: Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) ReAL hərəkatının sədri İlqar Məmmədovla bağlı bir neçə qərarlarını yerinə yetirməyib. Bu şəxsən sizin, insan haqları təşkilatlarının və başqa rəsmilərin narahatlığına səbəb olub. "The Guardian" qəzeti sizə istinadən hətta yazıb ki, bunlarla əlaqədar Azərbaycana qarşı "misilsiz hüquqi addım" atılmalıdır. Avropa Şurası Azərbaycanın Avropa Şurası öhdəliklərini yerinə yetirməsi üçün bundan artıq daha nə edə bilər?
Daniel Holtgen: Avropada siyasi məhbuslar ola bilməz. Azərbaycan AİHM-nin qərarlarını yerinə yetirməlidir. Azərbaycan ötən üç ildə bunu etmədiyinə görə bu dəfə, ilk dəfə olaraq ona qarşı Konvensiyanın 46.4 [qərarların məcburi qüvvəsi və icrası - götürülən öhdəliyin yerinə yetirib- yetirməməsi barədə Məhkəməyə sorğu göndərmək] maddəsinin tətbiqi ehtimali çox böyükdür. Aralıq qətnamə barədə qərar yəqin ki, bu ayın sonunadək qəbul ediləcək.
BBC Azərbaycanca: Azərbaycan son bir neçə ayda siyasi dəstək müqabilində AŞPA üzvlərinə rüşvət verdiyi barədə iddialara görə tənqid olunur. Bu iddialar nə dərəcədə narahatlıq doğurur və əgər iddiaların doğruluğu üzə çıxarsa, bunun Azərbaycan və Avropa Şurası üçün hansı nəticələri ola bilər?
Daniel Holtgen: Biz Avropa Şurasında korrupsiyaya qarşı sıfır dözüm prinsipi yürüdürük və buna görə də bu misli görünməmiş iddialar son dərəcə narahatedicidir. Hazırda AŞPA, baş katib Yagland-ın təklifi əsasında daxili prosedurları və kənar müstəqil araşdırmanın mümkünlüyünü nəzərdən keçirir. Beynəlxalq pul camaşırxanası iddiaları düşünməyə əsas verir ki, korrupsiya Avropa Şurasından daha uzaqlara gedib çıxır. İndiki mərhələdə belə görünür ki, hələlik Avropa Şurası bu işi araşdıran yeganə qurumdur.
BBC Azərbaycanca: Azərbaycan prezidenti bu yaxınlarda Azərbaycanın Avropa Şurasındakı üzvlüyünün zərurətini sual altına alıb. O bunu əsas gətirib ki, Avropa Şurası Qarabağ münaqişəsinin həlli üçün heç bir tədbir görmür. Prezident iddia edib ki, AŞPA-da Azərbaycana qarşı "neqativ münasibət" mövcuddur. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da bu narahatlıqları təkrar dilə gətirib və işarə edib ki, Azərbaycan qismən də sizin Azərbaycana dair qeydlərinizə görə təşkilatdan çıxa bilər. Bu iddialar barədə nə deyə bilərsiniz? Siz düşünürsünüzmü ki, Azərbaycanın Avropa Şurasından çıxmaq riski var və bu, Avropa Şurasının nəyin bahasına olursa-olsun önləmək istədiyi bir vəziyyətdirmi?
Daniel Holtgen: Biz Qarabağ münaqişəsində insan haqlarının pozulmasından narahatıq, lakin bu münaqişənin həlli məsələsi ATƏT-in Minsk qrupuna etibar edilib. Avropa Şurası ölkələri üzvlükdən qovmaq istəmir, insan haqlarına hörmət edilməsinə nail olmaq istəyir. Azərbaycanın üzvlüyünün gələcəyi də onun öz əlindədir.