Kataloniya hökumətinin rəhbəri Carles Puigdemont Kataloniyanın İspaniyadan ayrılaraq müstəqil olması ilə bağlı bəyannaməni imzalayıb.
Abzas.net xəbər verir ki, müstəqillik bəyannaməsini Puigdemont-dan əlavə onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Carme Forcadell, eləcə də müstəqilliyi dəstəkləyən 72 deputat imzalayıb.
Rəhbərlik bu bəyannamənin hələlik hüquqi qüvvəyə malik olmadığını nəzərə çatdırıb. Əgər Madridlə razılıq əldə olunmasa, o zaman sənəd təsdiq edilməsi üçün Kataloniya parlamentinə göndəriləcək.
Bundan bir qədər öncə, Puigdemont parlamentdə çıxışı zamanı Kataloniya parlamentini müstəqilliyi elan etməməyə çağırmışdı. O, Madridlə dialoqa hazır olduqalarını və birgə razılaşdırılmış qərarın verilməsinin ən doğru addım olacağını bildirmişdi.
Buna baxmayaraq Puigdemont referendumun nəticələrinin Kataloniyanın müstəqil respublika olmasına haqq qazandırdığını vurğulayıb.
Rəsmi Madrid isə Kataloniya rəhbərliyinin imzaladığı müstəqillik bəyannaməsini qanunsuz adlandırıb və xatırladıb ki, Konstitusiya məhkəməsi referendumun keçirilməsini qadağan edib, və bu səbəbdən də nəticələrin də, bəyannamənin də heç bir hüquqi qüvvəsi ola bilməz.