ABŞ dövlət katibi prezident Trump-a "ipləmə" deyibmi?
"The Guardian" yazır ki, ABŞ dövlət katibi Rex Tillerson, onun prezidenti "ipləmə" adlandırdığı barədə xəbərlər yayılandan sonra istefa edəcəyi barədə iddiaları rədd edib və Donald Trump-a sadiq qaldığını deyib.
"Mənim fikrimdə vəzifəmi tərk etmək heç vaxt olmayıb. Mən prezidentin təyinatı ilə xidmət edirəm və o məni öz məqsədlərinin əldə edilməsində faydalı saydığı müddətdə bu vəzifədə qalacağam" - deyib Tillerson çərşənbə günü tələm-tələs keçirdiyi mətbuat konfransında.
Bununla yanaşı, o Ağ Evdə milli təhlükəsizlik rəsmiləri və kabinet üzvləri ilə görüşdə Trump-ı lağa qoyaraq "ipləmə" (moron) adlandırdığı barədə NBC News kanalının xəbərlərini təkzib etməyib.
Bunun əvəzində o bu iddiaları "xırda söz-söhbət" kimi rədd edib və prezidentə mədhiyyələr yağdırıb.
"O öz ölkəsini sevir və Amerika və amerikalıları hər şeydən yüksək tutur. O ağıllıdır. O hara getsə nəticə tələb edir və tapşırdığı işin necə görüldüyü barədə haqq-hesab tələb edir" - deyib Tillerson.
Lakin onun bu bəyanatlarından bir neçə dəqiqə sonra CNN bildirib ki, Tillerson Trump-ı "ipləmə" adlandırıb və bu Trump-a çatdırılıb.
Bunun ardınca Dövlət Departamentinin sözçüsü xanım Heather Nauert ayrıca mətbuat konfransı keçirib və Tillerson-un Trump-ı ipləmə adlandırmasını təkzib edib.
Nauert deyib ki, bu söz-söhbəti Tillerson-un istefasını istəyənlər yayırlar, amma belə dedi-qodu dövlət katibinin mövqeyini daha da gücləndirir.
Tillerson deyib ki, prezidenti çərşənbə günü səhər görməyib, amma Trump-ın Tillerson-un çıxışını izləməsi aşkar idi. Çünki prezident bu çıxışdan az sonra növbəti tvitini yazıb:
"Dövlət katibi Tillerson və vise-prezident Pence NBC News kanalının xəbərini tamamilə rədd ediblər. Bu saxta xəbərdir. Onlar AMERİKADAN üzr istəməlidirlər".
Lakin Tillerson-un bəyanatlarından sonra NBC müxbiri MSNBC kanalının aparıcısı Stephanie Ruhle-a istinadən yazıb ki, "mənim mənbəyimin xəbərinə görə o ona təkcə "ipləmə" deməyib və bu ipləmə sözündən əvvəl biədəb söyüş də işlədib".
"The Guardian" yazır ki, prezidentin yanlış hərəkətləri onun ətrafında çox sayda belə böhranlar yaradır.
Məqalədə deyilir ki, Trump-ın özü də tabeçiliyində olanları söyüşlərlə və başqa aşağılayıcı sözlərlə təhqir edir.
Bu yaxınlarda Tillerson Çində olarkən demişdi ki, "Washington və Pxenyan arasında məxfi kommunikasiya kanalı var və biz bu kanalla ünsiyyətdə oluruq".
Bundan hirslənən Trump Tvitterdə yazırdı ki, dövlət katibi vaxtını "balaca raket adamla" danışqılara zay eləməsin:
"Enerjini qoru, Rex, biz lazım olanı edəcəyik"
Tillerson-un istefa verəcəyinə dair söz-söhbət yaydan gedir və bunun səbəb olmamış deyil.
"The Guardian" yazır ki, Tillerson ötən yay oğluna toy etmək üçün Texasa gedəndə, onun əvəzində gənclərin "Boy Scouts of America" təşkilatının toplanışına Trump müraciət etmiş və bütün çıxışını özünü tərifləməyə həsr etmişdi.
Özünü skautların hamisi sayan və bu təşkilatı çox sevən Tillerson Trump-ın hərəkətindən o qədər əsəbiləşmişdi ki, Washington-a qayıtmayacağı ilə hədələmişdi.
NBC xəbər verirdi ki, müdafiə naziri James Mattis və Ağ Ev administrasiyasının rəhbəri general John Kelly dövlət katibini "təhlükəsizlik naminə" istefa fikrindən zorla daşındırmışdılar.
Deyilənlərə görə, Tillerson Washington-a qayıdanda onu Trump-la vise-prezident Pence barışdırmışdı.
Tillerson-un sözçüsü RC Hammond bu hadisədən və prezidentin ipləmə adlandırılmasından xəbərsiz olduğunu söyləyib.
Tillereson-un ətrafında yaranmış bu qasırğa ilə əlaqədar suala cavab verən Senat xarici əlaqələr komitəsinin sədri Bob Corker deyib ki, o dövlət katibi Tillerson-un , nazir Mattis-in və administrasiya rəhbəri Kelly-nin "xaosa" yol verməyəcək qədər səriştəyə malik olduqlarına inanır.
Twitter istifadəçiləri bu qalmaqaldan fürsətlənərək Trump-ın 2014-cü ildə yazdığı bir tviti təkrar dövriyyəyə buraxıblar.
Bu posta qoşulmuş karikaturada Amerikanın tarixi ataları təsvir edilib. Şəkil sözündə belə yazılıb: "Görəsən, biz adamların bir ipləməni prezident seçəcəkləri hal üçün də konstitusiyaya maddə əlavə etməliyikmi?"