Şəki sakini,"Region mediası" qəzetinin təsisçisi Nicat Mirzəxanlı Azadlıq Radiosuna danışır ki, oktyabrın 13-dən 14-nə keçən gecə saat 1-in yarısında Şəkinin mərkəzi 20 Yanvar küçəsində idarə etdiyi maşını yol polisləri saxlayıb.
"Biri dedi, ""ho" elə görüm içkilisən, ya yox". Mən də aparat tələb etdim. Dedi, "aparatımız yoxdur, sən eləcə "ho" elə, biz özümüz biləcəyik, içmisən, yoxsa içməmisən". Nə isə, mən bunların istədikləri qədər "ho" elədim, arxayın oldular ki, içkili deyiləm. Sənədlər də qaydasında... Dedilər, "düş maşından"".
"Polislə polislik edəcəksən?"
Əvvəlcə sürücünün sənədləri və içkili olub-olmadığı yoxlanılıb. Sonra maşından düşməsi tələb olunub. Sürücü səbəbini soruşduqda, özü demişkən, ara qarışıb:
"Dörd nəfər Yol polisi əməkdaşı idi. Dirəşmişdilər ki, "düşməlisən, vəssalam". Mən də dedim, "səbəbini deməsəniz, düşməyəcəm, sənədlərim qaydasında, özüm içkili deyiləm, qaydanı da pozmamışam, daha nə istəyirsiniz?". Dedilər, "kefimiz belə istəyir, sən polislə polislik edəcəksən?". Məni sürüyüb aşağı saldılar, döyə-döyə aparıb öz xidməti maşınlarına mindirdilər, Şəki polis şöbəsinə gətirdilər".
Şikayətçinin sözlərinə görə, polislər onu burada da döyməkdə davam ediblər:
"Elə müşahidə kamerasının qarşısındaca məni təpiklə, yumruqla, şilləylə döyməkdə davam etdilər. Sonra içəri apardılar, bir küncə sıxışdırıb, huşumu itirənədək döydülər. Huşumu itirəndən sonra heç nədən xəbərim olmayıb. Gecənin bir vaxtı məni ayıltdılar. Gedib araşdırıb bilmişdilər ki, qəzetdə çalışıram, qorxuya düşmüşdülər. Məni şöbədən buraxdılar, dedilər, "burda nə olubsa, yaddan çıxart, səhv etmişik". 30 manatlıq protokol yazdılar, dedilər, "narahat olma, özümüz ödəyəcəyik"".
"İşverənlik edirsən"
N.Mirzəxanlı həmin gecə evə gedib, ancaq başgicəllənmə, qusma onu narahat etdiyindən gecəylə rayon mərkəzi xəstəxanasına götürülüb. Ona qapalı kəllə-beyin travması və ayaqların əzilməsi diaqnozu qoyulub, tibbi yardım göstərilib:
"Bir az özümə gəldim, sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub başıma gələnləri danışdım. Səhərə yaxın saat 6-nın yarısında Şəki polisindən Cəfər adlı polis leytenantı xəstəxanaya məndən izahat almağa gəlmişdi. O da çox kobud davrandı, dedi, "gecə vaxtı nə xəbərdir, 102-ni yığmısan, camaatı da narahat eləmisən. İşverənlik edirsən, Allah bizi sənin kimi kişilərdən qorusun", filan...".
Şikayətçinin sözlərinə görə, dörd polis işçisindən biri Ramil Adamov, biri Azər Quliyev, birinin adı Tərlandır, dördüncünün adını xatırlamır.
Şəki Rayon Polis Şöbəsindən Azadlıq Radiosuna bildirilib ki, Daxili İşlər Nazirliyinin icazəsi olmadan məlumat verə bilməzlər. Daxili İşlər Nazirliyindənsə hələlik məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Şəki Rayon Prokurorluğundan bildirilib ki, N.Mirzəxanlının döyülmə faktı ilə əlaqədar araşdırma aparılır. N.Mirzəxanlı izahatı alınması üçün prokurorluğa dəvət olunub.