Bu həftənin bazar günü, oktyabrın 29-da dünyanın təxminən 70 ölkəsində yay vaxtından qış vaxtına keçid edilməsi üçün saatların əqrəbləri bir saat geri çəkiləcək.
"Report" xəbər verir ki, dünyanın 130-dək ölkəsində, o cümlədən Azərbaycanda saatların əqrəbləri geri çəkilməyəcək.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilib. Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən isə keçən il 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib. Beləliklə, Azərbaycanda qış vaxtı qüvvədə qalıb.
Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Bunu nəzərə alaraq, Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Oktyabrın 29-da bir sıra telefon, o cümlədən smartfonlarda, habelə kompüterlər və digər İKT sistemlərində saatların avtomatik olaraq bir saat geri çəkiləcəyi istisna edilmir. Buna görə də həmin saatlarınızı divar saatlarına uyğunlaşdırmağı unutmayın!