"Bu ilin 8 ayının yekunlarına olan məlumata görə Azərbaycanda 241 323 şəkərli diabet xəstəsi qeydiyyatdadır".
"Report"-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin həkimi Nərmin İsmayılova deyib.
O bildirib ki, ölkə üzrə şəkərli diabet xəstələrinin 29 830 nəfəri I tip, 211 493 nəfəri II tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir: "Azərbaycanda şəkərli diabet xəstəsi kimi qeydiyyata alınan uşaqların sayı 1543 nəfərdir. Onların 1522-si I tip, 21-i II tip şəkərli diabet xəstəsidir. Xəstələrin 73 367 nəfəri Bakı şəhərində qeydiyyatdadır. Onların 556-sı uşaqdır".
Mütəxəssis qeyd edib ki, bu il ölkədə rəsmi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı ötən illə müqayisədə 12 faiz artıb: "Təbii ki, Azərbaycanda rəsmi qeydiyyata düşməyən, eləcə də bu xəstəliyə tutulmalarından xəbəri olmayan xəstələr də var. Şəkərli diabet insan orqanizmində fəsadlaşmalara yol açır.
Dünyada belə xəstələrin 90 faizi ikinci tip şəkərli diabet xəstələridir. Xəstəliyin yaranması müddəti uzun vaxt çəkir. Ona görə də əsas məqsəd xəstəliyin ilkin diaqnozunu erkən vaxtda təyin etməkdir".
"Şəkərli diabet bütün orqanlara, xüsusilə göz, böyrək, ürək və aşağı ətraflara fəsadlar verir. Düzgün qidalanma, düzgün həyat tərzi xəstəliyin qarşısını amillərdəndir. Bu gün xəstəliyin artmasına təsir edən səbəblər arasında kompüter arxasında çox oturmaq, passiv həyat tərzi, fasd food qidalarından istifadədir. Piylənmə də endokrinoloji xəstəliklərin yaranmasında başlıca səbəbdir" -deyə N.İsmayılova əlavə edib.
O, həmçinin vurğulayıb ki, endokrinologiyanın ikinci əsas problemi qalxanvari vəzi xəstəliyi ilə bağlıdır: "Belə xəstələrin sayı getdikcə artır. Bu daha çox qadınlarda, əsasən də hamiləlik dövründə müşahidə olunur".