Azərbaycan İrana 500 milyon dollar kredit verir

Azərbaycan İrana 500 milyon dollar kredit verir
27 Oktyabr 2017
Mətni dəyiş

Azərbaycan və İran "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolu məntəqəsinin tikintisinin maliyyələşdirilməsi şərtləri haqqında razılığa gəliblər.

Bu barədə Trend-ə özəl açıqlamasında İran Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə baş direktoru Hüseyn Yaqubi bildirib.

Onun sözlərinə görə, İran Mərkəzi Bankının, İqtisadiyyat və Maliyyə Nazirliyinin, eləcə də "İran Dəmir Yolları"nın nümayəndələri ötən gün Bakıdakı görüş zamanı azərbaycanlı həmkarları ilə dəmir yolunun tikintisi üçün kredit ayrılması şərtləri barədə razılığa gəliblər:

"Azərbaycan tərəfi 164 km uzunluğunda dəmir yolunun tikintisinə 500 milyon dollar məbləğində kredit ayrılmasına razılıq verib".

H.Yaqubi deyib ki, kredit sazişinin rəsmi imzalanması mərasimi yaxın gələcəkdə Tehranda keçiriləcək.

Xatırladaq ki, İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian yüksək səviyyəli nümayəndə heyəti ilə oktyabrın 26-da Bakıya səfərə gəlib.

Qeyd edək ki, Rəşt-Astara dəmir yolu məntəqəsi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanın, o cümlədən Azərbaycan, İran və Rusiya dəmir yollarının birləşdirilməsinə hesablanmış "Şimal-Cənub" nəqliyyat dəhlizinin mühüm hissəsidir. İlk mərhələdə dəhlizlə ildə 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan çox yük daşınması planlaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun