Avtomobildə jalüz və pərdələrə icazə noyabr ayının 15-dən etibarən başa çatır.
Bunu Fins.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, isti hava şəraitini nəzərə alaraq may ayının 1-dən noyabr ayının 15-dək istismar edilən nəqliyyat vasitələrinin arxa sağ və sol qapı şüşələrinə jalüzün və “ştorka”ların asılaraq idarə edilməsinə icazə verilir. Noyabr ayının 16-dan isə bu müddət başa çatır. Yəni, sürücülər buna diqqət etməzlərsə, cərimə ediləcəklər:“Qanunvericiliyə əsasən verilən müddət bitəndən sonra tələblər pozulursa, təbii ki, inzibati xəta tərkibi yaranır. Bu halda yol polisi sürücüləri saxlayıb məsuliyyətə cəlb edə bilər”.
O əlavə edib ki, jalüz və “ştorka”larla bağlı hər hansı reyd təyin edilməyib, amma yol polisi xidmət apardığı ərazi üzrə belə avtomobil görərsə dərhal saxlayacaq: “Bunun o qədər təbliğatı aparılıb ki, gündəmə gəlməsinə ehtiyac yoxdur. Sürücülər bu barədə yetərincə məlumatlıdır”.
Qeyd edək ki, noyabr ayının 15-dən sonra jalüz və “ştorka”ların yığışdırılmaması halına görə 150 manat cərimə nəzərdə tutulub.