Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) oktyabrın 21-də Gürcüstanda keçirilən bələdiyyə seçkilərinə yüksək qiymət verib.
ATƏT oktyabrın 22-də bildirib ki, “namizədlər azad kampaniya apara biliblər”, seçkidə “fundamental azadlıqlara ümumilikdə sayqı göstərilib”.
Bu seçki hakim “Gürcü Arzusu” koalisiyasından ötrü gələnilki prezident seçkisindən öncə vacib sınaq sayılırdı.
Amma ATƏT “protokolların nəticələrin tamamlanmasında bəzi qanunsuzluq və çətinliklərin” olduğunu da qeyd edib.
Hakim Koalisiya Namizədlərinin Uğuru
Yekun nəticələr göstərir ki, “Gürcü Arzusu”nun namizədləri Tbilisi, Batumi, Poti və Rustavi şəhərlərinə birinci raundda mer seçiliblər, yəni seçkinin ikinci raunduna ehtiyac qalmır.
Paytaxt Tbilisidə AC Milan-ın keçmiş futbolçusu Kakha Kaladze səslərin 51,06 faizini toplayıb. Ondan sonra Vahid Milli Hərəkatdan Zaal Udumashvili (17,47 faiz) və müstəqil namizəd Aleko Elisashvili (16,53 faiz) gəlir.
Hakim koalisiyadan namizədlər Batumi, Poti və Rustavi şəhərlərində də 50 faizdən çox səs yığıblar. Gürcüstanın ikinci böyük şəhəri olan Kutaisidə koalisiyanın namizədi Giorgi Chigvaria 48,75% toplasa da, ikinci raund olacaq.
Mərkəzi Seçki Komissiyası (MSK) 1,6 milyona yaxın seçicinin səsverməyə getdiyini bildirir ki, bu da seçicilərin 45,64 faizi deməkdir. 58 bələdiyyə və region rəhbəri, Tbilisi, Batumi, Kutaisi, Poti və Rustaviyə isə mer seçilirdi. Eləcə də 64 yerli şuranın 2 min 58 üzvü seçilib.
Media Və Digər Azadlıqlar
ATƏT adətən siyasi mövqeyilə seçilən ölkə mediasının “getdikcə azad və fəal” olduğunu, “daha böyük siyasi debatın” inkişafına yardım etdiyini bildirir.
“Namizədlərin azad kampaniya apara bildiyi, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqlara ümumən sayqı göstərildiyi bir seçki prosesi müşahidə etdik”, – ATƏT-dən Corien Jonker deyib.
ATƏT MSK və digər seçki komissiyalarının “qrafikə uyğun, səmərəli və peşəkar tərzdə çalışdığını” bildirib. Ancaq qurum “bəzi zorakı insidentlərin də baş verdiyini” vurğulayıb. “Seçicilərə təzyiq hallarıyla yanaşı, dövlət resurslarından sui-istifadə halları da qeydə alınıb”, – bəyanatda deyilir.
1200 milli azlıq və qadın namizədlərə “nifrət çıxışı, hədə və gərginlik halları”nın da baş verdiyi vurğulanır.