AŞPA sədri Pedro Agramunt istefa verib

AŞPA sədri Pedro Agramunt istefa verib
6 Oktyabr 2017
Mətni dəyiş

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Agramunt istefa verib.

Abzas.net xəbər verir ki, bu barədə Agramunt özünün “Twitter” səhifəsində yazıb.

O, qərarını şəxsi səbəblərlə əlaqələndilirib:

“Bu gün şəxsi səbəblərdən AŞPA-ya sədrlik etməmək qərarına gəldim"

Bir müddət öncə Pedro Agramunt Suriyaya səfər etmiş və Suriya prezidenti Bashar al Assad-la görüşmüşdü. Məhz bundan sonra Agramunt-un istefa məsələsi müzakirə mövusuna çevrilmişdi. Yaz sessiyasının açılışına Agramunt çıxışa başlayarkən, AŞPA deputatları ayağa qalxaraq etiraz etmiş və onun istefasını tələb etmişdilər.

Daha sonra Agramunt bu məsələyə münasibət bildirmiş, ortada anlaşılmazlığın olduğunu və buna görə istefaya getməsinin doğru olmadığını bildirmişdi.

Məhz bu səbəbdən iyunun 27-də AŞPA-nın yay sessiyasının plenar iclasında “Parlament Assambleyasında məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi” adlı hesabat müzakirəyə çıxarılıb. Hesabatda AŞPA-nın prezidentinin, vitse-prezidentlərinin və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi məqsədilə qurumun daxili qaydalarına dəyişiklik edilməsi nəzərdə tutulub. Hesabat 154 lehinə, 30 əleyhinə, 13 bitərəf olmaqla, qəbul edilib.

Hesabatın qəbulundan sonra Pedro Agramunt-un istefaya göndərilməsi məsələsi payız sessiyasında səsverməyə çıxarılacaqdı.

Agramunt-un adı həm də Azərbaycan hakimiyyətinin qərbdəki dostları siyahısında hallanır. Tənqidçilər onu Bakı və Moskvanın maraqlarını müdafiə və təbliğ etməkdə ittiham edirlər.

Agramunt-un keçmiş müavini Luka Volonte-nin Azərbaycan nümayəndələrindən pul almasına dair ittihamlardan sonra İtaliyada cinayət işi başlanılıb və hal-hazırda İtaliya məhkəməsində araşdırılır.

Azərbaycan rəsmiləri bu ittihamları qəbul etmirlər, bunun, Azərbaycana qarşı qərəzli olan qüvvələrin uydurması olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun