Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) "Müsavat" Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşə razılıq verməyib.
Abzas.net xəbər verir ki, icra hakimiyyəti həmin gün "Müsavat"a "Məhsul" stadionunda mitinq keçirməyi təklif edib. BŞİH bu qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.
"Müsavat" Partiyasının başqanı Arif Hacılı meriyanın cavabına münasibət bildirərkən deyib ki, Konstitusiya və “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna görə icra hakimiyyətinin aksiyalara qadağa qoymaq səlahiyyəti yoxdur.
"Qanunvericiliyə əsasən icra hakimiyyəti aksiyaya 3 gün qalmış cavab verməliydi, amma cavabı gecikdirməklə qanunu bir daha pozublar", deyə Müsavat başqanı bildirib. 'Yalnız yarımqapalı stadionda tədbir keçirilməsinə imkan verilir' Onun sözlərinə görə, təklif etdikləri məkanlar qanunla qadağan edilməyib. Ona görə icra hakimiyyətinin cavabı əsassız və qanunsuzdur."Məsələnin başqa tərəfi də odur ki, ölkə başçısı bugünlərdə sərbəst toplaşmaq azadlığının tam təmin olunduğunu demişdi. İlham Əliyev ölkədə sərbəst toplaşma azadlığının tam təmin olunması haqqında dediyi sözün arxasında durmadı".
Arif Hacılı bildirib ki, ölkədə nəinki sərbəst toplaşmaq azadlığı təmin olunmur, hətta bu azadlığın müxtəlif növlərindən istifadəsinə belə imkan verilmir. Yalnız yarımqapalı stadionda tədbir keçirilməsinə imkan verilir, bu isə toplantı anlamına gəlir, mitinq, yürüş yox.
Müsavat başqanı günün sonunda partiyanın yürüş keçirib-keçirməmək haqda mövqeyini ictimailəşdirəcəklərini deyib.
XatırlatmaMüsavat Partiyası oktyabrın 21-də Bakıda etiraz yürüşü təyin edib. Yürüşə razılıq verilməsi üçün BŞİH-ə müraciət olunub.
Yürüşün "Pulyuyan maşın" qalmaqalına, 3.2 milyard dollara yaxın pulun ofşor zonalara çıxarılmasına etiraz məqsədilə keçirilməsi nəzərdə tutulmuşdu.
Yürüşün şüarları bunlardır: "Qarabağa Azadlıq", "Siyasi Məhbuslara Azadlıq", "Xalqdan Oğurlanan Milyardlar Geri Qaytarılsın", "Sərbəst Toplaşmaq Azadlığı Təmin Edilsin".