Oktyabrın 3-də Ali Məhkəmədə "Zerkalo" qəzetinin əməkdaşı, jurnalist Rauf Mirqədirovun 2016-ci il 17 mart tarixində Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
Apellyasiya Məhkəməsi R.Mirqədirovun 6 il azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişib şərti cəza ilə əvəz edib, lakin dövlətə xəyanət ittihamını üzərindən götürməyib. Bəraət almaq istəyən jurnalist həmin qərarın ləğvi üçün Ali Məhkəməyə üz tutub.
Ali Məhkəmədə Mirqədirovun vəkili Fuad Ağayev deyib ki, jurnalistə verilmiş dövlətə xəyanət ittihamı absurddur. Müdafiəçinin sözlərinə görə, bu ittihamı təsdiqləyəcək heç bir sübut ortaya qoyulmayıb. Əksinə, məhkəmədə dindirilən şahidlər Mirqədirovun xeyrinə ifadə verib, onun təqsirsiz olduğunu deyib.
Amma Ali Məhkəmənin hakimləri qısa müşavirədən sonra kassasiya şikayətinin təmin olunmadığını açıqlayıb.
R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunan jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Şərti cəzayla azadlığa buraxılandan sonra o, İsveçrədə sığınacaq alıb.
Mirqədirov özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.
R.Mirqədirovun həbsi ilə əlaqədar Avropa Məhkəməsinə Azərbaycanla yanaşı, Türkiyədən də şikayət olunub.