2018-ci il büdcəsindən kimə, nə qədər çatacaq? - xarici borclar 2.2 milyard

2018-ci il büdcəsindən kimə, nə qədər çatacaq? - xarici borclar 2.2 milyard
21 Oktyabr 2017
Mətni dəyiş

Maliyyə Nazirliyinin Azərbaycanın 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdim edib. Sənədi nazirlik yayıb.

Növbəti il dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri isə 20 mlrd. 905.7 mln. manat təşkil edir.

Büdcədə sosialyönümlü xərclər 7 milyard 4,8 milyon manat təşkil edir. Bu göstərici əvvəlki ildəkindən 2 faiz çoxdur. Bu il sosial xərclər azalmışdı.

Elm, təhsil...

2018-ci ilin dövlət büdcəsində elm xərclərinin payı, cəmi 0,6 faiz (128 milyon manat) təşkil edir. Ancaq bu göstərici əvvəlki ildəkindən 9,5 milyon manat çoxdur.

Büdcə layihəsində yazılır ki, həmin vəsaitlər fundamental elmi tədqiqatların aparılmasına sərf ediləcək.Bu il büdcənin elmi xərcləri də azalmışdı.

2018-ci ilin təhsil büdcəsinə gəlincə, bu sahənin ümumi layihədəki payı 2 milyard manatdan bir qədər artıqdır. Təhsil xərcləri 2017-ci illə müqayisədə 11, 2016-cı illə müqayisədə isə 14 faiz çoxalıb.

Pensiya, müavinət xərcləri azalıb

Pensiyalara, müavinətlərə, ünvanlı sosial yardımlar və məcburi köçkünlərə ödənişlərə 2018-ci ildə 2 milyard 197 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2017-ci illə müqayisədə 6,6 faiz azdır.

Hüquq-mühafizə qurumlarının xərcləri artırılır

Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə, prokurorluq qurumlarının saxlanılması xərcləri büdcənin 20 faizinə yaxındır. Bu istiqamətə 4 milyard 68,3 milyon ayrılması planlaşdırılır. Bu göstərici əvvəlki illə müqayisədə 5,2 faiz çoxdur.

2 milyard 738 milyon manat (2017-ci ildəkindən 3,7 faiz çox) müdafiə və təhlükəsizliyin, 1 milyard 329 milyon manatsa (2017-ci ildəkindən 8,6 faiz çox) məhkəmə, prokurorluq və hüquq-mühafizə orqanlarının saxlanılmasına xərclənəcək.

Nəqliyyat və rabitəyə 166 milyon, onun da 55 milyonu "Azərkosmos"a...

Kənd, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə isə dövlət büdcəsində cəmi 656 milyon manat nəzərdə tutulur. Bu, əvvəlki ildəkindən 27 faiz çoxdur.

Nəqliyyat və rabitə sahələrinə 2018-ci ildə 166 milyon manat ayrılacaq. Həmin vəsaitin 55 milyonu "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti üçün nəzərdə tutulur.

Dövlət borcu xərcləri...

2018-ci ildə dövlət borcu ilə bağı xərclər xeyli artacaq.

Büdcə layihəsində dövlət borclarının qaytarılmasına 2 milyard 263 milyon manat nəzərdə tutulub. Bu rəqəm 2017-ci ildəkindən 621 milyon manat çoxdur. Büdcə layihəsində bu artım Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması xərcləri ilə izah edilir.

Xatırlatma

2017-ci ilin dövlət büdcəsini prezident İlham Əliyev ötən il dekabrın 27-də təsdiqləmişdi.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlcə 16 mlrd. 255 mln., xərcləri isə 16 mlrd. 900 mln. manat idi.

Büdcədə Neft Fondundan transfertlər 6.1 mlrd. manat həcmində nəzərdə tutulurdu. Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar götürülüb. Hazırda Azərbaycan neftinin bir barreli 57 dollar civarında satılır. Yeni layihədə isə bu rəqəm 45 dollar götürülüb.

Ancaq bu il iyunun 30-da büdcə sənədinə dəyişiklik edilib. Gəlirləri 511 milyon artaraq 16 mlrd. 766 mln. manata çatdırıblar. Xərclər isə 1 milyard 41 mln. manat artırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun