Əfqan Muxtarlının vəkili hakimə etiraz etdi

Əfqan Muxtarlının vəkili hakimə etiraz etdi
12 Oktyabr 2017
Mətni dəyiş

Araşdırmaçı jurnalist Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı baş prokurorun birinci müavini Rüstəm Usubovun vəsatətinə baxılıb.

Abzas.net xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baş tutan prosesdə Əfqan Muxtarlının vəkili Elçin Sadıqov hakimə etiraz edib.

Bu səbəbdən həbs qətimkan tədbiri müddətinin artırılması barədə məhkəmə iclası təxirə salınıb. Növbəti iclas sabah keçiriləcək.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Əfqan Muxtarlı ilə bağlı Gürcüstanda da tədqiqat aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Əfqan Muxtarlı olayında yerli hüquq mühafizə orqanlarının iştirakını təkzib ediblər. Bununla belə istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun