Əfqan Muxtarlının layiq görüldüyü "Pavel Sheremet" mükafatı onun yoldaşına təqdim edilib

Əfqan Muxtarlının layiq görüldüyü "Pavel Sheremet" mükafatı onun yoldaşına təqdim edilib
26 Oktyabr 2017
Mətni dəyiş

Həbsdəki jurnalist Əfqan Muxtarlıya aid "Pavel Sheremet Jurnalistika Mükafatı – 2017" onun həyat yoldaşı Leyla Mustafayevaya təqdim edilib.

Təqdimetmə mərasimi Tallində keçirilən Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramının vətəndaş cəmiyyəti konfransı çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən L.Mustafayeva deyib ki, Ə.Muxtarlının həbsi təkcə Azərbaycana problem deyil.

"Onun oğurlanmasına və həbsinə görə "Şərq tərəfdaşlığı"proqramına daxil olan başqa bir ölkə - Gürcüstan da məsuliyyət daşıyır", - o vurğulayıb.

L.Mustafayevanın fikrincə, təkcə Ə.Muxtarlının yox, Azərbaycanda siyasi motivlərlə həbs olunan digərlərinin də azadlığa buraxılmasını tələb etmək lazımdır.

"Onların arasında 10-a yaxın jurnalist var. Avropa öz iqtisadi maraqlarına görə Azərbaycanda insan hüquqlarının pozulmasına göz yummamalıdır", - o qeyd edib.

İyulda Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlını "Pavel Şeremet jurnalist mükafatı-2017"-nin qalibi elan edib. Həmin vaxt forumun İcra Komitəsi bəyan etmişdi ki, Ə.Muxtarlı 2017-ci ildə bölgədə ifadə azadlığı sahəsində cəsarətli fəaliyyət göstərib.

"Şərq Tərəfdaşlığı" proqramı Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər. Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

Ə.Muxtarlı son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun