Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlı ilə bağlı istintaq hərəkəti keçirilib. Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlərinə görə, jurnalistə qarşı irəli sürülmüş ittihamlar məzmunca dəyişdirilib. Ə.Muxtarlı istintaq zamanı özünü təqsirli saymadığını bildirib. O deyib ki, tənqidlərinə, araşdırma yazılarına görə Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilib.
O, həbsinin qanunsuz olduğunu, səhhətinin ağır olduğunu ürək nahiyəsində kəskin ağrılardan əziyyət çəkdiyini bildirib.
Ə.Muxtarlı istintaqdan xahiş edib ki, Mərkəzi Klinik Xəstəxanada və ya Gömrük Hospitalında öz hesabına müayinə və müalicə olunmasına razılıq verilsin.
İstintaq hərəkətləri aparıldıqdan sonra vəkil Ə.Muxtarlı ilə təkbətək də görüşüb. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxslə konfidensial ünsiyyət qurmasına maneçilik törədilib.
"Təcridxanadan çıxarkən qeydiyyat otağında əlimdəki "Vəkillərin qeydiyyat kitabı"nı aldılar. Ə.Muxtarlı ilə təkbətək görüş zamanı etdiyim qeydləri oxudular. Bunun qanunsuz olduğunu bildirsəm də göstərişin birbaşa Penitensiar Xidmətin rəhbərliyindən gəldiyini bildirdilər",- deyə vəkil bildirib.
E.Sadıqov hesab edir ki, onu təhlükəsizlik məqsədi ilə yox, jurnalistlə görüşdə etdiyi qeydləri prokurorluğa çatdırmaq üçün yoxlayıblar.
Vəkil deyir ki, ona qarşı qanunsuzluğa yol verilib. O, araşdırma tələbi ilə ölkə rəhbərliyinə, Baş Prokurorluğa, ombudsmana, Vəkillər Kollegiyasına müraciət edəcəyini bildirib.
Bundan öncə, Ə.Muxtarlının digər vəkili Nemət Kərimli də Bakı İstintaq Təcridxanasında jurnalistlə görüşdən sonra zorakı yoxlamaya məruz qalmışdı.
Penitensiar Xidmətdən və Bakı İstintaq Təcridxanasından vəkillərin iddiaları ilə bağlı şərh almaq mümkün olmayıb.