Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlı Gürcüstan parlamentinə müraciət ünvanlayıb.
Abzas.net xəbər verir ki, müraciətdə jurnalist heç bir cinayət törətmədiyini, Gürcüstanda oğurlanaraq Azərbaycana gətirildiyini qeyd edib.
"MƏNİ İLHAM ƏLİYEVİN SİFARİŞİ İLƏ OĞURLAYIBLAR"
"Mənim kriminal keçmişim yoxdur, Gürcüstanda yaşadığım müddətdə Gürcüstan qanunlarını pozmamışam. Tbilisidən oğurlanmışam və qanunsuz olaraq Laqodexi sərhəd-keçid məntəqəsində Azərbaycanın xüsusi-xidmət əməkdaşlarına təhvil verilmişəm", - deyə, Əfqan Muxtarlı bildirib.
Jurnalistin sözlərinə görə, onun oğurlanaraq Azərbaycana gətirilməsinin arxasında Azərbaycan prezidenti İlham Əliyev dayanır və məhz onun sifarişi ilə Gürcüstan xüsusi xidmət orqanları onu oğurlayaraq Azərbaycana təhvil veriblər:
"Oğurlanmağıma səbəb Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinin - həyat yoldaşı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevanın Gürcüstanda biznesi ilə bağlı yazdığım araşdırmalar olub".
Jurnalist müraciətində Azərbaycandan təzyiq səbəbilə getmiş jurnalistlər üçün Tbilisinin artıq təhlükəsiz yer olmadığını bildirib.
"Rəsmi olaraq Gürcüstan ərazisində təhlükəli fəaliyyətlə məşğul olduğumuzu bildirdilər. Mən oğurlanandan sonra səkkiz ay əvvəl "təhlükəli fəaliyyətdə" ittiham olunan həyat yoldaşıma Gürcüstanın baş naziri Giorgi Kvirikashvili vətəndaşlıq təklif edib", - jurnalist yazıb.
"HƏBS OLUNMAĞIM GÜRCÜSTAN HÖKÜMƏTİNƏ DƏ SƏRF EDİRDİ"
Ə.Muxtarlı hər zaman tənqidçi jurnalistika ilə məşğul olduğunu bildirib. Jurnalist qeyd edib ki, o, yalnız Azərbaycan hakimiyyətini deyil, eyni zamanda Gürcüstan hakimiyyətini, parlament çoxluğuna malik "Gürcü Arzusu" Partiyasını da tənqid edib.
"Mənim tənqidlərim Gürcüstan hökumətini də narahat edirdi. Saxlanmağım və qanunsuz olaraq təhvil verilməyim Azərbaycan hökuməti ilə bərabər Gürcüstan hökumətinə də sərf edirdi. Çünki mən həbs olunmaqla susdurulacaqdım", - deyə, müraciətdə qeyd olunub.
Ə.Muxtarlı beynəlxalq qurumlar tərəfindən müdafiə olunmasına da münasibət bildirib:
"Prezident Giorgi Margvelashvili mənim oğurlanmağımın Gürcüstanın dövlətçiliyini və suverenliyini təhlükə altına saldığını bildirib. Oğurlanmağımla bağlı Gürcüstanda cinayət işi açılsa da, istintaq heç də yüksək səviyyədə aparılmır".
Ə.Muxtarlı əminliklə müraciətində, Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanları onun oğurlanmasını əvvəlcədən planlaşdırdıqlarına əmin olduğunu vurğulayıb. Jurnalist bildirib ki, onun saxlanması ilə bağlı müşahidə kameralarının görüntülərinə müdaxilə edilib və faktiki olaraq oğurluq hadisəsi rəhbərlik səviyyəsində ört basdır edilir.
Müraciətin sonunda Ə.Muxtarlı deputatları onun işinin ədalətli araşdırılmasından ötrü komissiya yaratmağa səsləyib.
XATIRLATMA
Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.
Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.
Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.