"Trump Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyini qəbul edir"

"Trump Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyini qəbul edir"
9 Yanvar 2017
Mətni dəyiş
ABŞ prezidenti seçilmiş Donald Trump Amerika kəşfiyyat orqanlarının Rusiyanın Birləşmiş Ştatlarda seçkilər zamanı kiber hücumlar keçirdiyi haqda nəticələrini qəbul edir və buna cavab verə bilər. Bu açıqlamaları Trumpın hakimiyyətə gələcək prezident idarəsinin rəhbəri Reince Priebus bazar günü müsahibə zamanı verib.
Reince  Priebus deyib ki, Trump Rusiyanın Demokrat partiyasının qurumlarına müdaxilənin arxasında olduğuna inanır. Lakin o, Trumpın hakerlik fəaliyyətlərinin Rusiya prezidenti Vladimir Putin tərəfindən idarə edildiyi ilə razı olub-olmadığına aydınlıq gətirməyib.
"O bu konkret halda Rusiyadakı təşkilatların iştirakını qəbul edir, bu məsələdə problem yoxdur"-deyə Priebus Fox xəbər agentliyinə bildirib.
Bu, ilk dəfədir ki, prezident seçilmiş Trumpın respublikaçı komandasının yüksək səviyyəli üzvlərindən biri Rusiyanın hakerlikdə və 2016-cı il prezident seçkilərində Demokrat partiyasının emaillərinin sızdırılmasında birbaşa rolunu qəbul edir.
Trump Rusiyanın onun qələbəsinə kömək etmək məqsədilə hakerlik fəaliyyətlərinin arxasında olduğuna dair iddiaları qəbul etmirdi.
Yanvarın 20-də inaqurasiya gününə iki həftədən az qalan bir vaxt Trump kəşfiyyat agentliklərinin Rusiyanın hakerlik fəaliyyətləri və Moskvanın noyabrın 8-i prezident seçkilərinə təsir göstərmək cəhdlərinə dair gəldiyi nəticələri qəbul etmək üçün respublikaçıların artan təzyiqləri ilə qarşılaşırdı.
Amerika kəşfiyyatının xüsusi hesabatında Rusiya prezidenti Vladimir Putinin 2016-cı il ABŞ prezident seçkilərini pozmağa və Donald Trumpın seçilməsinə kömək etmək məqsədilə ABŞ-ın keçmiş dövlət katibi Hillary Clintonu presedenti olmayan bir şəkildə etibardan salmağa çalışdığı deyilir.
Keçən həftənin cümə günü ABŞ-ın kəşfiyyat agentliklərinin rəhbərləri ilə görüşdən sonra Trump Rusiyanın prezidentlik kampaniyasında xüsusi rolunu qeyd etməyib.
Prezident Barak Obamanın göstərişi ilə hazırlanmış hesabatda Rusiyanın müdaxiləsinin səslərin sayılmasına təsir göstərmədiyi haqda nəticə çıxarılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun