25 Yanvar 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump Obama administrasiyası tərəfindən dəstəklənən əsas layihələrin ləğvi istiqamətində daha bir addım ataraq, ABŞ-mərkəzində iki neft kəmərinin inşasının başlanılmasına dair sərəncam imzalayıb.
Trumpın imzaladığı sərəncamlarda Kanadadan qumluq ərazilərindən təmizlənməmiş neftin ABŞ-ın Meksika körfəzi bölgəsindəki neft emal zavodlarına daşınmasını nəzərdə tutan Keystone XL neft kəməri və Şimali Dakota ştatından nefti İllinoys ştatına daşıyacaq Dakota Access kəmərinin inşası haqda yeni müzakirələrə çağırılır.
2015-ci ildə Keystone layihəsinin ətraf mühitə mümkün təsirlərini diqqətlə nəzərdən keçirdikdən sonra Obama administrasiyası kəmərin inşasından imtina etmişdir.
Keçən il ABŞ Ordusunun mühəndislər korpusu Dakota Access layihəsinin qarşısını alıb, kəmərə alternativ yollar axtarılacağını bildirib. Buna səbəb kəmərin keçdiyi marşrutda Standinq Rok rezervasiyasında (Standing Rock Siux tribe) yerli amerikalıların Siu tayfası və onların tərəfdarlarının layihənin içməli suyu və Amerika hindularının mədəniyyət abidələri üçün təhlükə yaradığını bildirərək etiraz aksiyaları keçirməsi olmuşdu.
Trump bilridib ki, ABŞ Keystone layihəsinin şərlərini Kanada rəsmiləri ilə yenidən müzakirə etməlidir. O əlavə edib: "Əgər onlar buna istəsələr, biz kəmərin inşa edə bilib-bilməyəcəyimizə baxacağıq. Çoxlu iş yerli, 28 min iş yeri var. Bu, böyük tikinti layihəsidir."
Trump həmçinin kəmərin inşası üçün materialların Birləşmiş Ştatlarda istehsal edilməsini tələb edən qərar imzalayıb.
ABŞ-ın yeni prezidenti eyni zamanda, ətraf mühitlə bağlı narahatlıqların nəzərən keçirilməsi və istehsal təkliflərinin təsdiq edilib-edilməməsinin müəyyən edilməsinə dair sərəncamlar verib.
Trump neft kəmərləri layihələri ilə bağlı qərarların dəyişdirilməsinə Ağ Ev uğrunda uzun sürən kampaniyası zamanı söz vermişdi. Bazar ertəsi günü Trump daha bir kampaniya vədini yerinə yetirərək, ABŞ-ın 12 ölkənin daxil olduğu Trans-Sakit okeanı Tərəfdaşlığı Ticarət (TPP) razılaşmasından çıxması haqda qərar verib.
Trans-Sakit okeanı Tərəfdaşlığı ticarət razılaşması 2009-cu ildə Barak Obamanın hakimiyyəti dönəmində razılaşdırılmış, lakin Konqres tərəfindən ratifikasiya edilməmişdi. Ticarət razılığına daxil olan digər ölkələr Yaponiya, Avstraliya, Yeni Zelandiya, Malayziya, Çili, Kanada, Meksikadır.
Müşahidəçilər TPP razılaşmasını tarixdə ən iri regional ticarət razılığı kimi dəyərləndirirdi. Belə ki, bu anlaşmaya daxil olan ölkələr dünya iqtisadiyyatının 40 faizini, dünya ticarətininsə üçdə birini təşkil edir.