24 Yanvar 2017
Mətni dəyiş
Hakimiyyətinin ilk həftəsində Prezident Donald Trump ABŞ-ı 12 dövlətin imzaladığı Sakit Okean hövzəsi ticarət razılığından çıxarıb.
Ağ Evdə danışan Trump “bu, bizim Amerika fəhləsi üçün gördüyümüz böyük işdir” deyə bəyan edib.
Trans-Pasifik Partnyorluq (TPP) kimi tanınan ticarət razılaşması 2009-cu ildə Barak Obamanın hakimiyyəti dönəmində razılaşdırılmışdı, lakin Konqres onu heç vaxt ratifikasiya etməmişdi. Bu razılıq Yaponiya, Avstraliya, Yeni Zelandiya, Malayziya, Çili, Kanada, Meksika və başqa dörd ölkəni əhatə edir.
Müşahidəçilər TPP-ni tarixdə ən iri regional ticarət razılığı kimi dəyərləndirirdi. Belə ki, bu anlaşmaya daxil olan ölkələr dünya iqtisadiyyatının 40 faizini, dünya ticarətininsə üçdə birini təşkil edir.
Keçmiş Respublikaçı prezidentlərin ənənəsinə uyğun olaraq yeni prezident habelə abortla məşğul olan beynəlxalq qurumlara federal maliyyələşdirməni dayandırmaq haqda sərəncam imzalayıb.
Kampaniya zamanı verdiyi vədə sadiq qalaraq Donald Trump eləcə də federal hökumət orqanlarına əlavə işçi götürülməsinə qadağa qoyub. Burada məqsəd federal hökumətin şişməsinin qarşısını almaq və büdcəyə qənaət etməkdir.