Rüfət Səfərov vəkili ilə görüşüb

Rüfət Səfərov vəkili ilə görüşüb
6 Yanvar 2017
Mətni dəyiş
Yanvarın 6-sı həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərov, vəkili Bəhruz Bayramovla görüşüb.
Vəkil qeyd edib ki, R.Səfərov son günlər onunla bağlı baş verənlərdən narahatdır.
"Onun saxlandığı kameraya 25 illik məhkumluq həyatı yaşayan şəxsi salıblar. Rüfət Səfərov bunun arxasında xoş niyyət dayandığını düşünmür. Onun bildirdiyinə görə, həmin şəxs 1992-ci ildən məhkumluq həyatı yaşayır. Bu müddət ərzində bir neçə dəfə azadlığa buraxılsa da, qısa müddətdən sonrayenidən həbsxanaya qayıtmalı olub. Sonuncu dəfə 2016-cı ilin yay aylarında Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilib", - vəkil bildirib.
R.Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanır.
"Azadlıq Radiosu"-nun xəbərinə görə, vəkil keçmiş müstəntiqin kamerasına belə bir şəxsin salınmasının qeyri-qanunu olduğunu da qeyd edib:
"Baş verənlər hüquqa ziddir. Müdafiə etdiyim şəxsə qarşı bu münasibət anlaşılan deyil. Bu, Penitensiar Xidmətin təlimatlarına və Cəzaların İcrası Məcəlləsinə də ziddir".
Dünən, yanvarın 5-i keçmiş müstəntiqin atası da oğlunun həyatına təhlükə olması barədə açıqlama vermişdi.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən R.Səfərovun atasının və vəkilinin açıqlamalarına, hələlik, münasibət almaq mümkün olmayıb.
R.Səfərovun Hüquqlarını Müdafiə Komitəsi də son günlər baş verənlərlə bağlı öz narahatlığını ifadə edib.
"Biz Müdafiə Komitəsi olaraq Penitensiar Xidmətin bu sayaq qeyri-qanuni hərəkətini məqsədli və zərərli hesab edirik. Tələb edirik ki, baş verənlərə məsuliyyətlə yanaşılsın və yaradılan problem tez bir zamanda öz həllini tapsın" - deyə Müdafiə Komitənin açıqlamasında qeyd edilir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun