Prezidentə məktub: "Ədalət, qanun sizin şəxsi qənaət və qərarlarınızdan sonra gələn anlayışlardır"

Prezidentə məktub: "Ədalət, qanun sizin şəxsi qənaət və qərarlarınızdan sonra gələn anlayışlardır"
9 Yanvar 2017
Mətni dəyiş
“Artıq iş-işdən keçib. Edəcəyinizi etmisiniz. Bundan sonra, nəyə görəsə ehtiyatlanmağa lüzum görmürəm. Onsuz da ən böyük pisliyi edərək oğlum Rüfət Səfərovun günahsız yerə 9 il azadlıqdan məhrum edilməsinə hökmü məhkəmənin yox, Sizin verdiyiniz düşünürəm. Buna heç bir şübhəm yoxdur”.
Həbsdəki sabiq müstəntiq Rüfət Səfərovun atası Eldar Sabiroğlunun prezident İlham Əliyevə açıq məktubunda belə yazılır.
"İstədiyiniz vaxt mənim də qollarımı qandallaya bilərsiniz"
E.Sabiroğlu ölkə başçısına xitabən vurğulayır ki, nifrətiniz sonsuzdur:
“İxtiyar Sizin əlinizdədir. İstədiyiniz vaxt mənim də qollarımı qandallayıb oğlum Rüfətin yanına göndərmək imkanına maliksiniz. Ədalət, qanun sizin şəxsi qənaət və qərarlarınızdan sonra gələn anlayışlardır. Bu, sözlərin altını çəkəcəyimə inanın ki, hazıram. Sizdən artıq hər şeyi görə bilərəm”.
"Azadlıq Radiosu" xəbər verir ki, E.Sabiroğlu həbsdəki oğlunun azad sözə, özgür fikrə arxalanaraq qanunsuzluqlara səsini ucaltdığını vurğulayıb.
“Bəlkə cənab prezident, ölkənin talanmasında, rüşvətxorluğun və insanların qanını zəli kimi soran korrupsiyanın çiçəklənməsində Rüfətin hansısa bağışlanmaz bir rolu olub, indiyəcən cəmiyyət bundan xəbər tutmayıb? Bəlkə keçmiş müstəntiq dövlətə qarşı hər hansı silahlı üsyana hazırlaşırmış? Oğlum bu yolların və digər çirkin işlərin sahibi olmayıb. Onun üzünə öyrədilmiş, yalançı şahidləri-vəzifəli şəxsləri qoyaraq cinayət məsuliyyətinə cəlb ediblər”, deyə qeyd edən E.Sabiroğlu oğlunun məhkəməsində yaşananları nəql edib.
"Tənqid edənlərə ikrahla yanaşmayın"
O, ölkə başçısını tənqidçilərə dözümlə yanaşmağa çağırıb.
“Axı siz dövlətin başında duran adamsınız. Hamı sizi tərifləməz ki! Tənqid edənlərə ikrahla yanaşmayın. Onlara yaxın durun”.
E.Sabiroğlu məktubunda 1997-ci ildə “İlham Əliyev böyük siyasətə hazırdır” başlığı ilə ”Frans-Press” agentliyinə verdiyi müsahibəni, həmin müsahibə ilə bağlı İ.Əliyevlə xatirəsini də bölüşüb.
“Milli Məclisin foyesində məni gülər üzlə qarşılayıb təşəkkürünüzü bildirdiniz. Qoltuq cibinizdən çıxararaq Heydər Əliyevin qucağında təzəcə dünyaya gəlmiş balaca Heydər və xanımınız Mehriban Əliyevanın görüntüsü olan bir şəkil verdiniz. Dediniz ki, bu şəkli sənə əziz xatirə kimi təqdim edirəm”…
E.Sabiroğlu məktubun sonunda “Gəncliyə rəhminiz gəlsin”, deyə qeyd edir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun