10 Yanvar 2017
Mətni dəyiş
Bloqqer, Sancaq səhifəsinin admini Mehman Hüseynovun yoxa çıxması ilə bağlı artıq məlumat vermişik. Bloqqerin axşam saatlarında mülkigeyimli şəxslər tərəfindən oğurlandığı bildirilir.
Abzas.net xəbər verir ki, dünən gecə Mehman Hüseynovun saxlanııması ilə bağlı məlumat yayıldı. Həm bloqqerin qardaşı, hazırda xaricdə yaşayan Emin Hüseynov, həm də bloqqerin dostları onun harda və necə saxlanılması ilə bağlı açıqlama veriblər.
Onlar bildirirlər ki, Mehman Hüseynov Bakı şəhərinin mərkəzində, Nəsimi rayonunda, Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində 5 nəfər mülki geyimli şəxs tərəfindən ağzı tutularaq maşına mindirilib naməlum istiqamətə aparılıb.
Bloqqerin yoxa çıxması ilə bağlı ailəsi və vəkili Elçin Sadıqov 102 xidmətinə müraciət edib. Amma vəkilin bildirdiyinə görə, indiyə qədər məlumat yoxdur.
Mehman Hüseynov sosial şəbəkələrin fəal istifadəçilərindəndir. Onun on minlərlə, yüz minlərlə izləyicisi var. Müxtəlif problemlərlə bağlı video-foto materiallar hazırlayıb paylaşırdı. Son dövrlər deputatların, nazirlərin villaları ilə bağlı videolar yayırdı.