"Əlimdəki sənəddə məcburi köçkün olduğum üçün mənə ev verildiyi yazılıb, amma "Qaçqınkom" nümayəndələri bu evi başqa adama veriblər".
Bu sözləri Abzas.net-ə müraciət ünvanlayan Bərdə sakini Dilqəm Əsgərov deyib. Onun sözlərinə görə, "Qaçqınkom" 2013-cü ildə ev verməli olduğu halda, sonradan bundan imtina edib:
"1993-2000-ci illərdə Bərdə rayon Alpot kəndində ağır şəraitdə yaşamışıq. Şəraitsizliyə görə atam ağciyər xəstəliyinə tutuldu və bu səbəbdən bizi qaldığımız məktəbdən çıxardılar. Həmin göstərişi məktəb direktoru, dispanserin baş həkimi və icra nümayəndələri vermişdi. 2013-cü ildə isə məktəbi tərk etdiyimizə və ailə başçısını itirdiyimizə görə bizə ev düşmədiyini səbəb göstərdilər. Ancaq bizim məktəbi tərk etmə səbəbimiz imkanlı olduğumuz üçün deyildi".
2014-cü ildə "Qaçqınkom"un sədri Əli Həsənovun qəbulundə olduqlarını bildirən D.Əsgərov qeyd edib ki, o, növbəti mərhələdə evlə təmin olacaqlarına dair söz verib. Növbəti il də Əsgərovlar ailəsi evlərinə qovuşa bilməyib və bundan sonra prezident İlham Əliyev və Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya məktub göndəriblər:
"Prezidentə və birinci xanıma məktubla müraciət etdik. Yollanan bütün məktubları "Qaçqınkom"a göndərdikləri üçün cavablar ordan gəlir. İdarəyə gedəndə məktublara cavab ala bilmədiyimizi dedik, onlar isə məktubu arxivdən çıxardılar. Məktubun niyə və hansı səbəblə gizlədildiyini öyrənmək istəyirəm".
[gallery ids="21518,21517,21516"]
"Bizə dedilər ki, sizə 2 ev vermək istədik"
Dilqəm Əsgərov "Qaçqınkom "nümayəndələri və rayon icra başçısının bu mövzuda xüsusi rol oynadıqlarını və onlardan şübhələndiyini deyib:
"Bu işdə "Qaçqınkom"un Bakı nümayəndəsi Elman İsmayılov, Bərdə nümayəndəsi Sərdar Zeynalov və Bərdə rayon icra başısının xüsusi rol oynadığını düşünürəm. Sonra da xeyli müraciətlər etdik, xeyri olmadı. Məktubların gizlədilməsində onlardan şübhələnirəm, buna səbəb isə, istədiyimiz vaxt onların ortalıqda olmaması idi. Bir müddət keçdi və bizə bildirdilər ki, ailənizə 2 ev vermək istəyirdik, amma sizi Bərdədə tapa bilmədik".

"Dövlətin ayırdığı 80 manat çörək pulunu evin kirayəsinə veririk"
İllərlə ağır şəraitdə yaşadıqlarından söz açan D.Əsgərov, kifayət qədər əziyyət çəkdiklərini və indiki şəraitin də yaxşı olmadığını vurğulayıb:
"Alpot kəndində yaşadığımız müddət ərzində çox ağır vəziyyətdə olmuşuq. Hər günümüzü, qışı, yayı soyuq betonun üstündə keçirmişik. Hazırda Bərdə rayon M.Ə.Rəsulzadə küçəsi ev 61 ünvanında kirayə qalırıq, sanki rütubətin içində yaşayırıq, şərait yoxdur. İki körpə uşağım bu cür şəraitdə həmişə xəstələnirlər. Dövlətin bizə ayırdığı 80 manat çörək pulunu evin kirayəsinə veririk".
Dilqəm Əsgərov sonda bildirib ki, saysız müraciətlərinə və ağır durumlarına baxmayaraq, hələ də müsbət cavab ala bilməyib.
[gallery ids="21519,21521,21522,21520"]