Kanada polisi fransız-kanadalı tələbəni Quebec şəhərindəki məsciddə 6 nəfəri güllələməkdə ittiham edib.
27 yaşlı Alexandre Bissonnette 6 nəfəri qəsdən öldürməkdə və 5 nəfəri öldürməyə cəhd etməkdə ittiham edilir.
Atışma bazar günü gecə saatlarında Quebec İslam Mədəniyyət Mərkəzində axşam namazı zamanı baş verib. Həmin vaxt məsciddə 50 nəfərdən çox insan olub.
Yaralanmış 19 kişidən beşi hələ də xəstəxanadadır, iki nəfərin vəziyyəti ağırdır.
Hücumdan sonra saxlanılan Mərakeş kökənli Mohamed Khadir-ə indi şahid qismində yanaşılır.
Quebec əyalətinin polisi öldürülən altı nəfərin adlarını açıqlanıb:
Üç uşaq atası, 57 yaşlı baqqal və qəssab Azzeddine Soufiane
Laval Universitetində ərzaq elm şöbəsində professor, 60 yaşlı Khaled Belkacemi
Üç uşaq atası dövlət üçün İT sahəsində çalışan 41 yaşlı Abdelkrim Hassen
44 yaşlı Aboubaker Thabti və iki qvineyalı vətəndaş, 42 yaşlı Mamadu Tanou Barry və 39 yaşlı Ibrahima Barry
Alexandre Bissonnette bazar ertəsi məhkəmə qarşısına çıxdığı zaman ağ rəngli penitensiar geyimdə olub və onun əlləri və ayaqları zəncirlənib.
Şübhəli şəxs Guebec-dən Ile d'Orleans-a gedən körpüdə öz avtomobilində saxlanılıb. O həmin vaxt polisə zəng vurub və rəsmilərlə əməkdaşlıq etmək istədiyini deyib.
Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, Alexandre Bissonnette Laval Universitetində siyasi elmlər və antropologiya üzrə təhsil alıb. Universitetin kampusu məsciddən 3 km məsafədə olub.
Şübhəli şəxsin sosial şəbəkələrdəki hesablarından görünür ki, o, ABŞ prezidenti Donald Trump və Fransa Milli Cəbhə lideri Marin Le Pen- i "bəyənib".
Kanada baş naziri Justin Trudeau və Quebec-in naziri Philippe Couillard atışmanı "terrorist hücumu" adlandırıb.
Kanadada yaşayan bir milyondan çox müsalmana müraciətində cənab Trudeau deyib ki: "Biz sizinləyik".