İntihar etmiş psixoloq: "İntiharların arxasında ədalətsizlik və ümidsizlik dayanır"
26 Yanvar 2017
Mətni dəyiş
Tanınmış psixoloq Dənayət Rzayev özünü boğaraq intihar edib. Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub.
Lent.az-ın məlumatına görə, o, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə boğub. O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə kəmərlə boğub.
Faktı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən təsdiqləyiblər. Şöbədən bildirilib ki, D. Rzayevin cəsədi az əvvəl ora gətirilib.
Artan intihar hadisələrinin səbəblərindən biri də ölkədə korrupsiyanın tüğyan etməsidir
Psixoloq Dəyanət Rzayev bir neçə gün öncə Meydan TV-ə ölkədə artan intihar halları haqda açıqlama verib. Onun sözlərinə görə, artan intihar hadisələrinin səbəblərindən biri də ölkədə korrupsiyanın tüğyan etməsidir:
"Açıq danışmaq lazımdır, intiharların əksəriyyətinin arxasında böyük korrupsiya dayanıb. Dövlət korrupsiyaya bulaşıbsa, korrupsioner korrupsioneri necə həbs edə bilər? Mən çıxış yolu göstərə bilmərəm, yalnız onu deyirəm ki, hökumət qəti qərar qəbul etsin".
Psixoloq son dövrlər intiharların arxasında ədalətsizliyin, təbəqələşmənin, sosial-iqtisadi bərabərsizliyin dayandığını da əlavə edib:
"Bu gün Azərbaycanda ümidsizlik, qeyri-müəyyənlik və qorxu hökmranlıq edir. Əgər Azərbaycan kişisi evinə çörək apara bilmirsə, o, çox dözülməz duruma düşür və özünü təhqir olunmuş sayır. Üstəlik, banka borclu olanda, onun vəziyyətini təsəvvür edin. Mənim anam 150 manat pensiya alırsa, bu, böhran deyilmi? Əlbəttə böhrandır. Nəhayət, məhkəmələr də bankların tərəfindədir. Belə olanda, vətəndaş intihara əl atır, çünki o, mənliyini intiharla qoruduğunu hesab edir. Bu mənada o cür insanlara zəif kimi baxmaq lazım deyil. İntihar edənlərin 85 faizi psixi cəhətdən sağlam insanlardır. Sadəcə, həyatda rastlaşdıqları çətinliklər onları buna vadar edir. Psixoloqlar nə təklif edir, psixoloqların özü 150 manat maaş alırsa, nə təklif edə bilər?!"