Ermənistanda 2016-da ölən əsgərlərin sayı açıqlanıb

Ermənistanda 2016-da ölən əsgərlərin sayı açıqlanıb
25 Yanvar 2017
Mətni dəyiş
Ermənistanda hüquq-müdafiə təşkilatı Ermənistan silahlı qüvvələrində qeyri-döyüş şəraitində ölənlərin sayının kəskin şəkildə artmasının müşahidə olunduğunu bildirir.
Ermənistanda fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyası (HVA) Vanadzor ofisi tərəfindən keçirilən araşdırmaya əsasən, 2016-cı ildə Ermənistan ordusunda qətl halları, bundan əvvəlki ilə nisbətən, 4 dəfə artıb.
HVA Vanadzor ofisinin rəsmi saytında dərc olunan məlumata görə, orduda intihar hallarının statistikası da təxminən eynidir: 2015-ci il ərzində orduda 6 intihar halı qeyd olunmuşdursa, ötən 2016-cı ildə bu rəqəm 13-ə çatıb.
HVA Vanadzor ofisi rəhbəri Artur Sakuntsun mediaya açıqlamasına görə, 2016-cı ildə Ermənistan silahlı qüvvələrində 162 ölüm halı qeydə alınıb və 2015-ci ildə bu rəqəm 76 olub.
Ermənistan Müdafiə Nazirliyi HVA Vanadzor ofisinin məlumatında qeyri-döyüş şəraitində və nizamnamə pozuntuları nəticəsində baş verən ölüm hallarına dair statistikasını mübahisəli hesab edir.
Nazirliyin mətbuat katibi Artsrun Hovhannisyan yaxın günlərdə "dəqiq rəsmi rəqəmlərin" açıqlanacağını bəyan edib.
Bu arada hərbi təmayüllü "razm.info" saytı 2016-cı ildə Ermənistan və Dağlıq Qarabağ-da yerləşən erməni silahlı qüvvələrində 165 nəfərin həlak olduğunu bildirir və "2015-ci il dekabrın 30-da Dağlıq Qarabağla Azərbaycan təmas xəttində düşmən tərəfindən ağır yaralanmış Qarik Vardanyanın 2016-cı il yanvarın 15-də Yerevan hospitalında ölümündən sonra" bu rəqəmin 166 nəfər təşkil etdiyini yazır.
Həlak olanların əksəriyyəti - 147 nəfər hərbi qulluqçu, 18 nəfəri - könüllülər olub.
Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin məlumatına görə, itiklərin böyük qismi (77 nəfər) Qarabağ təmas xəttində 2015-ci ildə aprelin 1-dən 5-nə kimi döyüşlər nəticəsində baş verib.
"Qalan 85 ölüm hallarının 34-ü atəşkəs rejiminin pozulması, 19-u bədbəxt hadisə, 13-ü qətl, 13-ü intihar və ya intihara vadar etmə, 4-ü hərbi qaydaların pozulması və 2-si sağlamlıq problemləri nəticəsində baş verib", - HVA Vanadzor ofisinin məlumatında deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun