Ekspert və jurnalistlər münasibət bildirib: "Jurnalistika adına biabırçılıqdır"

Ekspert və jurnalistlər münasibət bildirib: "Jurnalistika adına biabırçılıqdır"
24 Yanvar 2017
Mətni dəyiş
Abzas.net Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın səs yazısını yaymağından sonra hadisə ictimaiyyətdə ciddi müzakirə mövzusuna çevrildi. Məsələ ilə bağlı saytımız media nümayəndələrindən münasibət alıb. 
Jurnalist, publisist Şahvələd Çobanoğlu deyir ki, dekan yardımçısının bu əməli hər şeydən öncə qanunsuzluqdur,tələbələri şantaj və təhdid etməkdir. Onların hüquqlarını məhdudlaşdırmaqdır:
Jurnalistika fakültəsində oxuduğuma görə xəcalət çəkirəm
"Nə gizlədim, hələ bəlli olanda ki, jurnalistika fakültəsinin dekanı tələbələri Hafiz Hacıyevin mitinqinə aparıb, ondan bəri həmin fakültədə oxuduğuma görə xəcalət çəkirəm. Deməli, çox şey gözləmək olar. Başa düşürəm ki, ölkəmiz də elə bu cür inzibati-amirlik üsulu ilə idarə olunur. Amma jurnalistika fakültəsi sovet dövründən özünün azadlıq ab-havası ilə seçilirdi".
[caption id="attachment_4198" align="alignnone" width="1024"] "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu jurnalistlərə təzyiqlərlə bağlı piketin qətmanəsini oxuyur - 24 aprel 2007[/caption]
Jurnalist bildirir ki, bu hadisə jurnalistika fakültəsi adına biabırçılıqdır. Söz azadlığının təmsilçilərinin yetişdirildiyi bir təhsil məkanında ifadə azadlığını dəftərxana üsulu ilə boğmağa çalışırlar:
Əllərindən gələn iş susdurmaq, qorxutmaqdır
"Tam aydınlığı ilə görünür ki, oranı ləğv edib, yerində kargüzarlıq işi ixtisası üzrə peşə məktəbi açmaq gərəkdir. Amma orada da müdir və ya müavini öyrəncilərə danışmağı və yazmağı qadağan edə bilməz. Deyəsən, jurnalistika fakültəsində də, elə bir çox marginallaşmış akademik çevrələrdə elə sanırlar ki, ciddi işlə məşğuldurlar. Guya doğrudan da bunlar təhsil və akademizmlə uğraşırlar. Halbuki istifadə müddəti bitmiş siyasi sistemin əlavəsi və mənən köhnəlmiş təfəkkürün əsiri olaraq yalnız susdurmağa yaraya bilərlər. Sözügedən səs yazısı da elə bunun göstərir".
Şahvələd Çobanoğlu vurğulayır ki, gələcəkdə bu günə görə utanmaq lazım gələcək. Tarix Martin Haydegger kimi dahini bağışlamadı. Amma bunların məqalə və kitablarından, yazı və çıxışlarından elementar elmi səviyyə də görünmür. İstedadlı uşaqlara da əngəl olur, onların sərbəst inkişafına imkan vermirlər. Əllərindən gələn iş susdurmaq, qorxutmaqdır.
Aşıq Ələsgəri repressiya dövrünün şairi bilən BDU-nun dekan müavinidi
Juralist Aytən Məmmədova da hadisə ilə bağlı münasibət bildirib. Deyib ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində təhsil alanda Aytəkin Zeynalova onun qrup yoldaşı olub:
[caption id="attachment_21458" align="alignnone" width="2048"] Aytən Məmmədova[/caption]
"Bir dəfə Azərbaycan ədəbiyyat tarixi imtahanında idik. Aytəkin Zeynalova imtahan cavab verə bilmədi. Müəllim dedi ki, "repressiya dövrünün şairlərindən danış, bir qiymət yazım". Qayıtdı ki, "Aşıq Ələsgər". Müəllimi az qaldı infarkt vursun. Aşıq Ələsgəri repressiya dövrünün şairi hesab edən adam BDU-nun dekan müavinidi. Görün BDU nə gündədi".
Aytən Məmmədova "bunu ona görə dedim ki, tanıdığım biridi", - deyə bildirib.
Jurnalist bu hədsizliyin üstündən keçməyi özünə sığışdırmadığını deyir. Jurnalistika fakültəsində bu cür münasibətin nəticəsidi ki, ölkədə məddah jurnalistlər ordusu yaranıb:
"Doğrudu, media sahəsindəki bugünkü acınacaqlı durumu hakimiyyət yaradıb. Amma universitet normal jurnalist yetişdirsə, o adam sonradan qələmini çirkaba bulamağı, ağa qara deməyi özünə sığışdırmaz".
BDU rəhbərliyi həmişə çalışıb ki, yaltaq, kölə bir gənclik yetişdirsin
Jurnalist-bloqqer Mehman Hüseynov da məsələ ilə bağlı öz münasibətini bildirib. Sosial şəbəkədə yazıb ki, jurnalist olmaq çox şərəfli işdir, ya sən vicdanla, şərəflə bu işin öhdəsindən gəlməlisən, ya da ki, ümumiyyətlə bu işlə məşğul olmamalısan:
"BDU rəhbərliyi həmişə çalışıb ki, yaltaq, kölə bir gənclik yetişdirsin. Jurnalistika fakültəsinin tələbələrini bilərəkdən hamısını qorxudurlar ki, ordan yaltaq, sözün düzünü deməyə qorxan jurnalistləri yetişdirsinlər, bir sözlə AzTV-nin davamçılarını istehsal etməyə çalışırlar. Amma mən jurnalistika fakultəsinin bir çox tələbələrini şəxsən tanıyıram. Əjdaha tələbələr böyüyür. Onlar kölə, yaltaq, qorxaq jurnalist olmaq istəmirlər. Odur ki, universitetdə baş verən haqsızlıqlara göz yummayın, haqqınızı tələb edin"
Media ekserti, hüquqşünas Ələsgər Məmmədli, BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın səs yazısı ilə bağlı Toplum.Tv-yə açıqlamasında bildirib ki, bu səs yazısı və onun yayılması kifayət qədər təəssüf edici haldır:
"Azərbaycanın ən köklü universitetinin və onun ictimai əhəmiyyət daşıyan jurnalistika fakültəsinin idarəedici heyətindən, dekan müavini postunu tutan bir şəxsin tələbələrinə yönəlik mesajında bu qədər kobud, təhdid və hədə dolu ifadələrdən, anormal tonda istifadə etməsi, tələbələri qorxutması, onları cəzalandıracağına dair təhdidlər sərgiləməsi kifayət qədər üzücü bir hadisədir. Ona görə üzücüdür ki, təhsil sistemimiz bu səviyyəyə enib. Həm də ona görə üzücüdür ki, bu hadisə gələcəyin jurnalistlərinə, cəmiyyətə ictimai nəzarət edəcək şəxslərə bəri başdan yaradılan məhdudlaşdırıcı bir mühitin göstəricisidir".
Ələsgər Məmmədli sual edir ki, həmin mühitdən çıxan jurnalist nə qədər ictimai nəzarət funksiyası icra edə biləcək?
"Bu ciddi problemdir. Burada ifadə azadlığı baxımından ciddi şəkildə problem var. İfadə azadlığını məhdudlaşdırmağa yönəlik təşəbbüs açıq şəkildə görünür. Tələbələr hansısa imtahan prossesindən, onun nəticələrinin obyektivliyindən narazılıqlarını ictimai müzakirədə aparıblar. Bu narazılıqlar vaxtı bəs dekanlıq hara baxıb?"
Vəzifə səlahiyyətlərindən siu-istifadədir
Media eksperti vurğulayır ki, sosial şəbəkədə nəyisə paylaşmağa, tənqid etməyə görə tələbənin intizam məsuliyyətinə cəlb edilməsinin söylənməsi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdir. Vəzifə sərhədlərini aşmaqdır. Nizam-intizam qaydalarında belə bir məqam yoxdur və ola da bilməz.
Bu onu göstərir ki, o, öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək tələbələrə qanunsuz cəza verməyə, hüquqlarını məhdudlaşdırmağa yönələn təşəbbüs göstərib.
"Mən bu aspektdən düşünürəm ki, universitet rəhbərliyi doğru addım atıb həmin şəxsin bundan sonra həmin strukturda eyni vəzifədə qalmasına imkan verməyəcək", - deyə ekspert bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun