6 Yanvar 2017
Mətni dəyiş
Almaniyada yaşayan azərbaycanlı musiqiçi Camal Əlinin Bakı şəhər Baş Polis İdarəsinə aparılan anası və qohumları azad edilib.
Camal Əli qohumlarının saxlanılmasının səbəbinin onun 31 dekabrda Youtube sosial şəbəkəsində paylaşdığı musiqi klipi olduğunu bildirib.
Musiqiçinin anası Gülşən Əliyeva Meydan TV-ə bildirib ki, onlara oğlunun yazdığı rep barədə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb: "Heç bir fiziki və mənəvi təzyiq olmadı. Məni Sabunçu Rayon Polis İdarəsində saxlamışdılar. Sadəcə, dedilər ki, Camal mahnının mətnini mədəni yazsın, söyüşlə yox. Bir neçə qohumumuzu saxlamışdılar, saat 16-da buraxdılar".
Camal Əli isə BBC Azərbaycancaya məsələ ilə bağlı qısa müsahibə verib: "Polisin tələbi odur ki, mən həmin videonu silim. Mən isə dedim ki, silməyəcəyəm. Dedilər ki, anamı və 90 yaşlı nənəmi hər gün aparıb gətirəcəklər. Mən dedim ki, onlar heç nə etməyiblər, polis isə dedi ki, onlar etməyibsə də, sən etmisən. Mən isə dedim ki, tuta bilirsinizsə məni tutun. Dedilər ki, səni tuta bilmirik, ona görə onları tutacağıq".
Camal Əli 2012-ci ilin martında Bakıda keçirilmiş mitinqin sonunda 10 sutka həbs edildikdən sonra Almaniyada yaşayır.