24 Yanvar 2017
Mətni dəyiş
Həbsdə olan bloqqer Rəşad Ramazanovun saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində cərimə kamerasına (kars) salındığı barədə məlumat yayılıb.
Məlumatı hüquq müdafiəçisi Bəşir Süleymanlı yayıb. Onun sözlərinə görə, R.Ramazanovun həyat yoldaşı Könül İsmayılova yanvarın 24-də bloqqerlə görüşmək məqsədilə cəzaçəkmə müəssisəsinə gedib. Ancaq ona həyat yoldaşı ilə görüşməyə imkan verməyiblər.
K.İsmayılovaya bloqqerin 15 günlük cərimə kamerasına salındığı bildirilib.
"Azadlıq Radiosu"nun xəbərinə görə, məlumatda qeyd edilir ki, beynəlxalq hüquq müdafiə təşkilatlarının yolladığı açıqcaların da R.Ramazanova çatdırılmasınaimkan verilməyib.
Bloqqerin hansı səbəbdən cərimə kamerasına salındığı bilinmir.
Penitensiar Xidmətdən bununla bağlı, hələlik, münasibət almaq mümkün olmayıb.
Xatırladaq ki, Rəşad Ramazanov 2013-cü ilin may ayında saxlanıb. Daha sonra isə polis onun üstündən 9 qram heroin tapıldığını açıqlamışdı.
Ancaq R.Ramazanov narkotikin onun üzərinə siyasi motivlərlə qoyulduğunu bildirib.
2013-cü ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi R.Ramazanovu CM-nin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitənin qanunsuz saxlanması və satışı) maddəsilə təqsirli bilərək 9 il azadlıqdan məhrum edib.
Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin hökmü dəyişməyib. Bloqqerin işi hazırda Avropa İnsan Hüquqları Məhkəməsindədir.
Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" R.Ramazanovu "vicdan məhbusu" kimi tanıyıb. O, həbsindən əvvəl dini mövzuda yazıları və tənqidləri ilə yadda qalıb.