25 Yanvar 2017
Mətni dəyiş
"The Telegraph" qəzetinin Berlin müxbiri Justin Huggler yazır ki, Avropa Parlamentinin keçmiş ziddiyyətli prezidenti Martin Schulz Almaniya seçkilərində Angela Merkelə meydan oxumaq niyyətindədir.
Hazırkı vise-kansler Sigmar Gabriel bu günlərdə bəyan edib ki, mərkəz-solçu Sosial Demokrat Partiyasının (SPD) liderliyindən gedir və seçkiyə qatılmayacaq. Bu öz növbəsində seçkiyə Martin Schulz-un qatılmasına imkan yaradır.
"The Telegraph" yazır ki, cənab Martin Schulz qatı avropapərəstdir və onun Almaniyanın kansleri olması ölkə üçün həlledici vaxta təsadüf edə bilər.
Sigmar Gabriel artıq partiya rəhbərliyinə cənab Schulz-u tövsiyə edib.
Cənab Gabriel Almaniyanın Stern jurnalına deyib ki, Martin Schulz kifayət qədər güclü namizəddir.
Lakin "The Telegraph" müxbiri hesab edir ki, cənab Schulz Merkelə meydan oxumaq üçün hələ çox iş görməlidir. Hazırda xanım Merkelin hakim Xristian Demokrat Partiyası (CDU) rəy sorğularında 33, 5 faizlə irəlidədir.
İndilik SPD hakim koalisiyaya daxildir və 21 faiz populyarlıqla hər hansı gələcək koalisiya üçün real namizəd ola bilər.
İfrat sağçı Almaniya üçün Alternativ Partiyası (AfD) 13, 5 faizlə 3-cü yerdədir.
Lakin digər mühüm bir faktor bundan ibarətdir ki, cənab Schulz daxili rəy sorğularında Gabriel-dən daha populyardır.
Ötən ay keçirilmiş rəy sorğuları göstərib ki, almanların 57 faizi xanım Merkelə, 19 faizi isə Gabriel-ə səs verə bilər.
Lakin bu tənliyə cənab Schulz-u daxil etdikdə nisbət əhəmiyyətli dərəcədə, daha dəqiq deyilsə 43-36 faizə dəyişir.
Burası da var ki, Almaniya prezident yox, parlament ölkəsidir və bu ölkədə seçkinin proporsionallığına görə kansler olmaq üçün mütləq koalisiya təşkil etmək lazım gəlir.
Buna görə də Schulz reallıqda yalnız Yaşıllar və Sol Partiya ilə koalisiyada kansler ola bilər. Bu isə Almaniyanı əhəmiyyətli dərəcədə sola çəkərdi.