27 Sentyabr 2016
Mətni dəyiş
Mehman Əliyev: "Hökumət çevik islahatlar aparsa, Azərbaycana maraq yarada bilsə, vəziyyət dəyişəcək
Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-da keçirilən referendumda 29 dəyişikliyin hamısının səsvermədə dəstəkləndiyi haqda açıqlama yayıb. Beləliklə, referendum bitdi və suallar mərhələsi başlayır; Nə olacaq, necə olacaq, niyə bir sıra maddələr daha çox dəstəklənib? Bu suallara “Turan” İA-nin direktoru Mehman Əliyevlə söhbətimizdə cavab tapmağa çalışdıq.
– Mehman müəllim, MSK-nın 26 sentyabr referendumu ilə bağlı açıqladığı nəticələrə görə, ən çox səs 2 məsələyə verilib: prezident seçilmək üçün müddətin 5 ildən 7 ilə artırılması – bu maddəyə həmçinin prezidentin parlamenti buraxmaq səlahiyyəti də əlavə edilib; prezident seçilmək üçün yaş senzi (35 yaş) ləğv edilib. Bu 2 məsələnin 91% səsi var. Bu, o demək deyilmi ki, qalan maddələr əlavəydi, məqsəd göstərilən müddəaların gerçəkləşməsiy idi?
– Ən vacib, köklü, pərdəarxası olan maddə birinci vitse-prezidentlə bağlıydı.
– Niyə məhz həmin maddənin üzərində dayanırsınız?
– Hesab edirəm ki, referendum prosesi onun ətrafındadır. İki variant var: təkamül yoluyla demokratikləşməyə keçilir, əks təqdirdə, İlham Əliyev hakimiyyətini itirəcək, yəni ikinci variant bundan ibarətdir. Demokratikləşməsə prosesi gerçəkləşməsə, vitse-prezidentlik ssenarisi işə düşəcək.
– Bəs vitse-prezidentin kimliyi hakim komandaya məlumdurmu?
– Məncə, heç kəsə məlum deyil.
– Bir sıra müşahidəçilər 26 sentyabr referendumunu 1991-ci ildə SSRİ-nin saxlanması referendumuna bənzədərək, yaxın gələcəkdə dəyişikliklərin labüdlüyünü vurğulayırlar. Oxşar situasiya görürsünüzmü?
– Bilirsinizmi, bütün referendumlar hakimiyyətin dinc yolla ötürülməsinə hesablanıb. Baxın, 2002-ci ildə Heydər Əliyev baş nazirin ikinci adam olması müddəasını əsas götürdü və bu, İlham Əliyev üçün hesablanmışdı. 2009-cu ildə referendumu “növbəti kim ola bilər” sualına aydınlıq gətirirdi, çünki hakimiyyətdaxili ötürülməylə bağlı problemlər vardı, referendum məsələni qapatdı və artıq gündəmdə deyil. Bu gün başqa zaman başlayır, islahatlar zamanı. Halbuki, çox gecikib, çünki 2008-ci ildən amerikanlar islahatlara çağırış edirdilər. İndi daha az zaman qaldığından çevik şəkildə 2018-ci ilə qədər böyük dəyişikliklər olmalıdır. Ona görə də birinci vitse-prezidnetlik bir təminatdır, fövqəladə vəziyyət yaransa, işə düşür. Əgər islahatlar olmasa, başqa variantlar işə düşəcək.
– Əli Həsənov isə islahatların başlandığını və referendumdan sonra daha ciddi islahatların olacağını söyləyib…
– İslahatlar başlayıb deyəndə, o, islahatlar paketinin hazır olduğuna işarə vurub, xeyli iş gedib. Düzdür, bu prosesdə Amerika şirkəti birbaşa iştirak edib, Azərbaycan tərəfi layihəni inhisara salıb ixtisar etmişdi ki, bununla sənədin islahat ruhundan danışmağa dəyməzdi. Bu isə narazılıq yaradırdı, amma beynəlxalq fondların ciddi tənqidindən sonra ciddi müzakirələr aparılıb, indi düzəlişlər tamamlanır.
– Sənəd əvvəlki varianta qaytarılacaqmı?
– Demək olar ki, əksər hissəsi qaytarılıb, çünki bu, bir şərtdir. İndi biz açıq şəkildə heç nəyin bəyan olunmadığını görürük, çünki Amerika sərt mövqe göstərir və hakimiyyət də vəziyyəti anlayır. Son hadisələr hakimiyyətin güzəştlərə getdiyini göstərir. Yaxın gələcəkdə struktur dəyişiklikləri aktiv şəkildə başlamalıdır, başqa yol yoxdur.
– Belə bir fikir var ki, hakimiyyət Amerika təşkilatının şərtlərilə beynəxalq fondlardan kredit almaq üçün razılığa gedir, bu barədə nə düşünürsünüz?
– Fakt odur ki, pul lazımdır. Amma kreditləri birinci növbədə islahatlara verirlər. Əsas məsələ beynəlxalq qurumların Azərbaycan hökumətinə vəsait ayırması deyil, onlar yalnız islahatlara vəsait verirlər. Əgər beynəlxalq qurumlar islahatlara dəstək versələr, Azərbaycana başqa investisiyaların axını başlayacaq. Hakimiyyət müxtəlif istiqamətlərdə danışıqlar aparıb, amma heç nə alınmır. Səbəb nəhəng fondların təminatının olmaması və Azərbaycan hökumətinə vahid münasibətlə bağlıdır. Həmin fondlar islahatlara dəstək versələr, Azərbaycanın müxtəlif sahələrinə investisiya gələcək. Beynəlxalq təşkilatlar birinci növbədə investisiyaların düzgün cəlb olunmasına və təminatına hesablanıb.
– 26 sentyabr referendumunda saxtakarlıqların kütləvi hal almasına ehtiyac vardımı?
– 2015-ci il parlament seçkilərində nə baş verdi ki? Saat 12-də artıq seçki bitmişdi, biz bunu gördük, sentyabrın 26-da da vəziyyətin formal olacağını bilirdik.
– Bu, insanlarda ölkədə dəyişikliklərin seçki ilə olması ehtimalının mümkünsüzsüzlüyünü gücləndirmir?
– Mən də onu deyirəm, vəziyyət o həddədir ki, ya gedişat dəyişməlidir, ya da başqa yolla məsələ həll olunacaq. İnsanlar indiki şəraitə dözməyəcək. Biz seçki yoluyla nələrinsə dəyişib-dəyişməməsini kənara qoymalıyıq. Əhalinin 99 faizi narazıdır və hamı sabah nə olacaq sualına cavab axtarır, amma müxalifətin mitinqinə həmin 99 faiz gəlmədi. Yenə susdular! Bu gün hakimiyyətə təzyiqlər daxildən yox, xaricdən gəlir. Dediyim islahatlar nə hakimiyyətin, nə də xalqın seçimidir, Qərbin seçimidir.
– Deməli, Azərbaycanın taleyi hakimiyyət və xalqdan çox Qərbi maraqlandırır?
– Sadəcə, güc ordadır. Ona görə bizim taleyimizlə maraqlanırlar ki, tərəfdaşlarının onlar kimi olmasını və qaydalara əməl etməsini istəyirlər.
– Qərb tərəfdaş deyəndə, hakimiyyəti, müxalifəti, yoxsa xalqı nəzərdə tutur?
– Xalqı nəzərdə tutur.
– Mehman müəllim, maliyyə naziri Şərifovun və baş bankir Rüstəmovun 1 gün əvvəlki açıqlamaları göstərir ki, hökuməti inflyasiya daha çox narahat edir, nəinki manatın taleyi. Belə demək olarmı?
– Düzdür, çünki inflyasiya artırsa, o zaman maaşları da artırmaq lazımdır. Maaşların artırılması üçün isə imkanlar yoxdur. Bir imkan var, yenidən pul çap etmək, belə olanda da inflyasiya güclənəcək.
– Bu mənada yaxın aylarda manatın taleyini necə görürsünüz?
– Hər şey islahatlardan asılı olacaq. Hökumət çevik islahatlar aparsa, iqtisadi, siyasi azadlıqlara getsə, investorlar gəlsə, Azərbaycana maraq yarada bilsələr, vəziyyət dəyişəcək. Məsələn, 2015-ci ildə Bakının yenidənqurulması planı təsdiqlənməliydi, 150 milyard dollar vəsait tələb olunurdu və 15 illik planın hər ili üçün 10 milyard xərclənəcəkdi. Plan dayandı, vəsait yox idi, başqa dövlətləri dəvət etməyə çalışsalar da, gələn olmadı, səbəb yenə də təminatın olmamasıydı. Gürcüstan təcrübəsi göstərir ki, əsas məsələ insanlara iqtisadi azadlıqların verilməsidir, o zaman cəmiyyət özünü nizamlayacaq. Hökumət insanları yükləməkdən qaçmalı və ciddi şəkildə sahibkarlığa dəstək verməlidir ki, real iş yerləri yaransın, süni yox. Proses bazar qanunlarına uyğun olaraq getməlidir.
– Dedikləriniz yekun sual yaradır: İlham Əliyev mövcud komandayla bunları edə bilərmi?
– Xeyr. İslahat layihəsini təqdim edən ekspertlər komandanı yaxşı tanıyırlar, onların rəyi belədir ki, indiki komandayla iş görmək mümkün deyil. Komandanın dəyişməsi vacib tələblərdən biridir. Çünki indiki komanda müasir dövrün düşüncəsini dərk edə bilmir. Ümumiyyətlə, Azərbaycan mövcud təbii sərvətləri və nəqliyyat imkanlarıyla necə böhrana düşə bilərdi? Komanda o dərəcədə ağılsız və harın olmalıdır ki, ölkəni indiki böhrana çıxartsın.