Sentyabrın 17-də Milli Şura Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı növbəti etiraz mitinqi keçirib.
Mitinqin əsas şüarı «Monarxiyaya yox! Talana son!» idi. Mitinq iştirakçıları həmçinin “140 milyard neft pulları hanı?”, “Biz sizi seçməmişik”, “Maaş 105 manat, təhsil haqqı 4000 manat”, “Gözünüz doymadı”, “Avropa Birliyi ilə Assosiasiya sazişi imzalansın” kimi şüarlar qaldırıblar.
Mitinqin tam videosuna buradan baxa bilərsiniz.Mitinqdə AXCP lideri Əli Kərimli, Gültəkin Hacıbəyli, AXCP sədr müavini Gözəl Bayramlı, Milli Şuranın lideri Cəmil Həsənli çıxış edib, əıtrakçılara ilahiyyatçı Taleh Bağırzadənin müraciəti oxunub.
Hakimiyyət hələ 1918-ci ildə əsası qoyulmuş respublika dəyərlərini məhv edən kommunist cəmdəyinin varisi olduğunu bir daha göstərdi, bu barədə Milli Şuranın lideri Cəmil Həsənli öz çıxışında bildirib.
"23 il ərzində dövlət, hakimiyyət ölkənin əsas problemlərindən birini belə həll etməyib, yalnız öz ailə hakimiyyətini əbədiləşdirmək cəhdləri ilə məşğuldur. Biz Konstitusiyaya düzəlişlərə qarşıyıq. Əliyev düşünür ki, bu düzəlişlər onun əmin-amanlığına və ömürlük hakimiyyətinə zəmanət verir. Amma ölkənin taleyi orada deyil, meydanlarda həll olunacaq, narazı xalq repressiyalara və təqiblərə baxmayaraq öz sözünü deyəcək!”, - deyə Cəmil Həsənli qeyd edib.
O, hakimiyyətin Milli Şuranın xarici qüvvələrə işləməsi haqqında ittihamlarını qətiyyətlə təkzib edib. (ardı aşağıda)
[embed]https://www.youtube.com/watch?v=Ak_BK2xCPSw[/embed]Mitinqdə həmçinin, hakimiyyətin yeganə müxalif “Azadlıq” qəzetini sındıra bilmədiyi, 2 həftəlik fasilədən sonra qəzetin nəşrini bərpa edəcəyi bildirilib.
Bu gün ölkənin bir çox rayonlarında polis Bakıya mitinqə gedən yüzlərlə fəalı saxlayıb və geri qaytarıb. Sumqayıtda, Ağsuda, Saatlıda, Sabirabadda və digər yerlərdə belə hallar olub, bu barədə AXCP sədr müavini Gözəl Bayramlı öz çıxışında bildirib. O, hakimiyyətin sosial siyasətini pisləyib, 17 min tələbənin ildə 4 min manatı ödəyə bilmədiyinə görə təhsili atmaq məcburiyyətində qaldığına diqqət çəkib. Onlarla belə tələbə intihar edib.
“Niyə gənclər özlərini öldürməlidirlər, bu uşaqların günahı nədir? İntiharı neft milyardlarını talayıb xaricə aparan İlham Əliyev ailəsi etməlidir. Biz bu korrupsiyaya uğramış, avtoritar rejimə yox deyirik! Bu rejimi və İlham Əliyevin özünü gənclərin taleyi maraqlandırmır, onu daha çox Formula-1-in taleyi maraqlandırır”, deyə o bildirib.
AXCP lideri Əli Kərimli bildirib ki, bu gün polis mitinqə gələn 51 nəfər partiya üzvünü həbs edib. “Hakimiyyət bunu icazəli mitinq, ifadə və toplaşmaq azadlığı adlandırır”, deyə o bildirib.
Aksiya iştirakçılarının ümumi əhval-ruhiyyəsini ifadə edən Kərimli deyib ki, “Xalq hakim İlham Əliyev ailəsinin xeyrinə Konstitusiyaya dəyişikliklər edilməsinin əleyhinədir”.