Mehman Əliyev: "İlham Əliyevin dediyi həqiqətə uyğun deyil"

Mehman Əliyev: "İlham Əliyevin dediyi həqiqətə uyğun deyil"
21 Sentyabr 2016
Mətni dəyiş
"Kim Azərbaycan hakimiyyətini tənqid edirsə, onu ermənipərəstlikdə günahlandırırlar"
“Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə, mənimlə şəkil çəkdirmək cinayətdirsə, biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa, ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum. Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir”, – prezident İlham Əliyev Avropa Birliyi Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşdə deyib.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev AzadlıqRadiosu-na müsahibəsində dövlət başçısının həmin görüşdəki bəzi açıqlamalarına münasibətini bildirib:
“Şahtaxtinski artıq bura gələndə ofisin statusu, demək olar, aşağı salınmış, Azərbaycan hakimiyyəti ATƏT-lə həyata keçirdiyi layihələri dayandırmışdı”.
“Prezidentin dediyi həqiqətə uyğun deyil. Azərbaycan tərəfi Şahtaxtinskidən xeyli öncə məsələ qaldırmışdı ki, ATƏT-in Bakı ofisinin statusu azaldılsın, sadəcə, koordinator statusu ilə fəaliyyət göstərsin. Şahtaxtinski artıq bura gələndə ofisin statusu, demək olar, aşağı salınmış, Azərbaycan hakimiyyəti ATƏT-lə həyata keçirdiyi layihələri dayandırmışdı. Ofis burada nümayəndəlik kimi fəaliyyət göstərirdi. Şahtaxtinski artıq koordinator rolunu oynamağa başlamışdı”.
– Narazılığa səbəb nə idi?
– ATƏT-in ofisi insan haqlarına, seçki prosesinə nəzarət edirdi. Qurum öz öhdəlikləri çərçivəsində bu prosedurların yerinə yetirilməsi yönündə fəaliyyət göstərirdi. Ona görə də Azərbaycan hakimiyyəti qurumun işindən narazı idi, onun fəaliyyət göstərməsini istəmirdi. Bu səbəbdən də ofisin statusu azaldıldı. Bu da ATƏT-i bir o qədər qane etmirdi. Amma onlar hesab edirdilər ki, Şahtaxtinski əslən azərbaycanlıdır, burda hörməti var və ola bilsin, İlham Əliyevlə nəsə dil tapsın. Necə ki vaxtilə ABŞ bura Matthew Bryza-nı göndərərək, onun vasitəsilə Azərbaycanda islahatların həyata keçirilməsinə nail olmaq istəmişdi. Ancaq o cəhd də alınmadı.
– Amma Şahtaxtinskinin özü fəaliyyətinə görə Qərbdə tənqidlərlə üzləşdi…
– Düzdür, Şahtaxtinskini tənqid etmişdilər ki, prinsipial mövqe tutmur, çünki Azərbaycanda insan haqları kobud şəkildə pozulurdu. Azad sözə, vətəndaş cəmiyyətinə basqılar vardı. Bundan narazılıq vardı və ABŞ-ın ATƏT-dəki nümayəndəsi Şahtaxtinskini tənqid etmişdi ki, bu məsələləri qaldırmaq yerinə şəkil çəkdirmək və s. işlərlə məşğuldur. Yəni bu mənada tənqid edilmişdi. Ancaq onu buna görə işdən çıxarmamışdılar. Şahtaxtinskinin səlahiyyət müddəti bitmişdi. Onun fəaliyyət müddəti birillik idi. Bu müddətdə heç nə baş vermədiyindən, yaxşılığa doğru nəsə dəyişmədiyindən, bu formada əməkdaşlığı dayandırmağa qərar verdilər. Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinin, medianının fəaliyyətini yaxşılaşdırmaq istiqamətində iş görmədi. Niyə son bir ildə ABŞ Azərbaycan hakimiyyətinə qarşı sərt addımlar atmağa başladı? Bu, həmin məsələnin davamıdır. Azərbaycan hakimiyyəti prosesi davamlı apardı. ATƏT-in burdan çıxarılması həmin prosesin tərkib hissəsi idi. Beynəlxalq donorların da ölkədən çıxarılması prosesin davamı idi. AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Strasser-lə görüşdən, Avropa Şurası ilə əməkdaşlıqdan qaçmaq da həmin prosesin davamı idi. Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlarla, Qərb dövlətləri ilə əməkdaşlıq etmək, öhdəliklərini yerinə yetirmək istəmirdi.
Prezident görüşdə Meydan TV-nin rəhbəri Emin Millinin təhdid edilməsi və RATİ-nin prezidenti Emin Hüseynovun vətəndaşlıqdan çıxmağa məcbur edilməsi haqda Qərbin rəsmi qurumlarından gələn tənqidlərə də toxunub və bu barədə səslənən fikirləri rədd edib. Psosesi izləyən biri kimi, deyə bilərsinizmi, gerçək durum necə idi?
– Vaxtilə demişdim ki, Emin Milli ölümlə hədələnib. Amma bir şeyi də qeyd etmək lazımdır ki, onun Azərbaycandakı qohumlarına qarşı ciddi təhdidlər olmuşdu. Qaynı narkotikə görə ittiham edilmişdi, yəni problem olması realdır. Bu adam indi harada fəaliyyət göstərir? Xaricdə. Niyə xaricdə fəaliyyət göstərməli idi?
Niyə Azərbaycanda fəaliyyət göstərə bilmir? Emin Hüseynova gələk, onun vətəndaşlıqdan çıxarılması haqda ərizə yazması Azərbaycan tərəfinin qoyduğu şərtlərdən biri idi. Onun qarşısında şərt qoyulmuşdu ki, vətəndaşlıqdan çıxmaq haqda ərizə yazsın, sonra ölkədən çıxsın. Prezident deyə bilər ki, o, ərizəni imzalamayıb, vətəndaşlıqdan çıxarmayıb. Biz onu dəqiq bilmirik ki, çıxarılıb, ya yox. Amma dediyim kimi, o bir faktdır ki, Emin Hüseynovdan ərizə yazılması tələb edilib. Necə ki vaxtilə Əlikram Hümbətova da belə bir tələb qoyulmuşdu və vətəndaşlıqdan çıxarıb Hollandiyaya göndərmişdilər. Emin Hüseynov niyə neçə ay səfirlikdə gizlənməli idi? Niyə Avropa Oyunlarının açılışında iştirak edən İsveçrə xarici işlər naziri Emin Hüseynovu öz şəxsi təyyarəsində Azərbaycandan çıxarmalı idi? Bu nə deməkdir? Bu nə biabırçılıqdır? Bunları gizlətmək mümkün deyil. Avropa Parlamenti nümayəndələrinin bu məsələlərdən yetərincə məlumatları var. Bu tipli açıqlamalar nəyə əsaslanır? Biz proseslərin necə cərəyan etdiyini görmüşük, axı.
– Bu bir klişedir, “Fredoom House”a qarşı işlənir. Ümumiyyətlə, kim Azərbaycan hakimiyyətini tənqid edirsə, onu ermənipərəstlikdə günahlandırırlar. Yəni bu, bir standartdır. Amma mən bilmirəm, avropalılarla söhbətdə bu ifadəni işlədəndə, onlar bunu necə anlayırlar? Nə deməkdir ermənipərəstlik? Bu nə ayrıseçkilikdir? Yəni mesajı verəndə fikirləşməlisən ki, mənim qarşımda kim oturub. O bunu necə başa düşür? Bu, Azərbaycan hakimiyyətinin əleyhinə işləyir. O ifadə daha çox daxili auditoriyaya hesablana, deyilə bilər ki, bu ermənilərə işləyir və s. Amma bu gün Azərbaycan cəmiyyəti də yetərincə savadlı və informasiyalıdır, ermənipərəst deyəndə, gözəl başa düşür ki, söhbət kimlərdən gedir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun