5 Sentyabr 2016
Mətni dəyiş
Həbsdə olan AXCP sədrinin müavini Məmməd İbrahimin atasının yas mərasiminə buraxılması üçün yenidən Penitensiar Xidmətə müraciət olunub.
Bu barədə Abzas.net-ə siyasi məhbusun oğlu Turan İbrahim məlumat verib.
O bildirib ki, Məmməd İbrahimin atasının yas mərasimində iştirakına şərait yaradılması ilə bağlı Pentenisiar Xidmətə həm yazılı(ərizə) həm də elektron(e-mail, faks) müraciat ünvanlanıb: "Qanununa əsasən belə məsələlərə təxirə salınmadan baxılmalıdır. Vəkil Yalçın İmanov da məsələnin təxirə salınmadan baxılması üçün Pentenisiar Xidmətə müraciat edib. Gözləyirik".
Vəkil Yalçın İmanov müraciətdən sonra M.İbrahimin atasının yasına buraxılması mümkünlüyünü Azadlıq Radiosuna belə dəyərləndirib:
"Cəzaların İcrası Məcəlləsinin uyğun maddələri yaxını dünyasını dəyişən məhbusa bir həftə səfər müddəti tanıyır. Həm də belə müraciətlərin təxirə salınmadan icra edilməsi məsələsi var. Bundan əlavə, təcrübə var ki, bir neçə dustaq qanundakı bu müddəadan yararlanaraq yaxınlarının hüzrlərinə buraxılıblar. Odur ki, buna qarşı hər hansı alternativ görmürəm, bu qanunun tələbi deməkdir. Əksi olarsa, bu qanunun tələbinin pozulması demək olacaq".
Qeyd edək ki, sentyabrın 3-də AXCP sədrinin həbsdə olan müavini Məmməd İbrahimin atası dünyasını dəyişib. Sentyabrın 4-ü həbsxana rəhbərliyinə siyasi məhbusun atasının dəfninə buraxılması üçün müraciət olunsa da həbsxana rəhbərliyi müraciəti qəbul etməyib. Əsas kimi də qeyri-iş günü olduğu bildirilib.