Jurnalistin şikayəti Avropa Məhkəməsinə göndəriləcək

Jurnalistin şikayəti Avropa Məhkəməsinə göndəriləcək
14 Sentyabr 2016
Mətni dəyiş
Bu gün Bakı Apellyasiya Məhkəməsi jurnalist Fikrət Fərəməzoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı məhkəmə qərarını qüvvədə saxlayıb.
Bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, hakim Əflatun Qasımov Nərimanov Rayon Məhkəməsinin qərarının əsaslı olduğu qənaətinə gəlib, qərarı qüvvədə saxlayıb.
Vəkil apellyasiya instansiyasının qərarını qanunsuz adlandıraraq, ondan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.
Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyi iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb.
DİN həmçinin, bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alıb.
Nərimanov Rayon Məhkəməsi iyulun 2-də F.Fərəməzoğlu barəsində 3 aylıq həbs qərarı verib.
Jurnalistin vəkili Elçin Sadıqov bir neçə gün öncə ittihamlarla razılaşmadıqlarını bildirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun